Şövkət Zərin Horovlu - Unutduq

Ədəbiyyat 18:16 / 28.11.2026 Baxış sayı: 799

Yada düşər xatirələr silsilə şeirlərimdən.

 

Şəhərin mərkəzində,

Üzü dənizə ev almışıq göydəlındə.

Əl uzatsan göyə dəyər ,

Çağırsan dünya eşidər,

Qapı -pəncərəsi dəmirdən,

Yerə boylanırıq eyvandan ,pəncərədən.

Burdan insanlar lap quş kimi görünürlər,

Qayğıların ağırlığından sanki yerimirlər, sürünürlər.

Küsülülərtək, aralı gedirlər bir-birindən,

Özlərinə çəkiliblər dərd-sərlərindən

Xəyalımla qol -qola nənəmin kənddəki evinin həndəvərində dolanıram,

Sanki havam çatmır ,boğuluram

təngiyib yoruluram.

Burdakı daş dalanlar məhləmizə,

evlər də evimizə bənzəmir.

Nənəmin evi samanla yoğrulmuş palçıq kərpisdən,

Çəpəri seyrək qarğı -qamışdan olardı,

Qonsumuz Növrəstə ana aradan pay verib pay alardı

Onda biz də uşaqlıq taxtında,

Təptəzə arzularla göylərə baxardıq,

Ulduzumuzu axtarardıq.

Evimizin tavanından qardaşımın

nənnisi asılardı,

İçində nağıl , layla dolu bir dünya vardı.

Səhərlər ,qoyun quzu mələrtidinə

Dəri kürklü,Çiyni beşatılan tüfəngli,

babamın ot arabasının səsinə yuxudan oyanardıq.

Ata -anamız da , kəndimiz də,

biz də vardıq.

Burnumuzda torpaq qoxusu,

Qulağımızda Anadil oxusu ,

Eynimizdə damdakı sərçə -sığırçın yuvası,

“Bənövşə, bəndə düşə ,

bizdən sizə kim düşə”,davası,

Yaşımızdan tez böyüdük,

Daş döşəməli şəhərlərə,

Dəmir qapılı evlərə üz turduq,

Nənəmin kərpic evini,

Qarğı qamış çəpərini,

Babamın arabasının cırıltısını,

Unutduqca unutduq…