Adıl Şirin - Bir gün gəldi oğluma

Ədəbiyyat 15:00 / 28.11.2026 Baxış sayı: 889

Bir gün gəldi oğluma

Təsəlli verə bilmədim.

Gözləri doldu birdən,

Göz yaşını silmədim.

Amma mən

Rəhmətlik atamın hüzurunda

Ağlaya bilmədim nədən?

Nədən demədim ona

Dilimin ucunu yandıran sözləri...

İndi atam bir fotodan baxır mənə,

Dipdiridi gözləri...

Bir gün mənim də

Bəxt ulduzum solacaq, oğlum.

Mənim şair ömrüm

Dörd misralıq bayatı olacaq,

ağı olacaq...

Bir gün mən də bir fotodan

Baxacam bu dünyaya.

Sənin ürəyin ağrıyacaq,

Gözlərin dolacaq...