Ramiz Qusarçaylı - Hardasan, öldürür bu təklik məni
Köhnə havalar üstə...
***
Hardasan, öldürür bu təklik məni,
Ovutmur bu güllük, çiçəklik məni...
Sənsiz göyüm-göyüm göynəyirəm mən,
Sənsiz bu dünyanı neynəyirəm mən.
Pirdi, övliyadı, nədi, bilmirəm,
Eşqə bax, imana, dinə gəlirəm.
Mən səndən ayrılıb gedə bilmirəm
Mən səndən ayrılıb...
sənə gəlirəm.
Bir bəyaz duyğu tək gəlləm yuxuna,
Durub şirin-şirin səslərəm səni.
Büküb qarasına, büküb ağına
Gözümün içində bəslərəm səni.
Gözümdə nə qədər gecə ağarıb,
Özüm də bilmirəm necə ağarıb,
Nazın bu sevginin göz dağı olub,
Sinəm bu sevginin dustağı olub...
Iki göz dolusu ağlaram səni,
Iki dodaq boyu gülləm, səninlə.
Gizlicə yolundan saxlaram səni,
Dünyanı ikiyə bölləm, səninlə.
Hardasan, öldürür bu təklik məni,
Ovutmur bu güllük, çiçəklik məni...
Sənsiz göyüm-göyüm göynəyirəm mən,
Sənsiz bu dünyanı neynəyirəm mən..