Məmməd Qədir -  Sınağa çəkir

Ədəbiyyat 11:17 / 28.11.2026 Baxış sayı: 92

 

Dözmürəm günahsız cəzama, Allah,

Fikirlər qan adlı çanağa çəkir.

Nə olar, bir də bax yazıma, Allah,

Bu yazım şəbəyə, qınağa çəkir.

 

Qapadır qəm eşqin qapılarını,

Qırıram ümidin son saplarını,

Gözlərim içimin əzablarını,

Kirpiyimdən süzür, yanağa çəkir.

 

Göyərdikcə dərdin qara daşları,

Qul olur qürurun bu bəy quşları,

İçimdə ulayan qəm bayquşları,

Bu qara bəxtimi son ağa çəkir.

Dişim dodağımı kəsir qəzəbdən,

Bəlkə sadiq olmaq düşübdü dəbdən?

Çağırır Nəsimi ruhu Hələbdən,

Dərimi bu dağdan o dağa çəkir.

Nə gündə gün gördüm, nə də kölgədə,

Çəkdiyim acılar balmış bəlkə də,

Zülm elə, əzab ver, Məmməd dərk edər, -

İlahi səbrimi sınağa çəkir ...