Saqif Qaratorpaq - Get,sarıma bu yaranı
***
Get,sarıma bu yaranı,
Qoy axsın qanım,
Axsın altdan-altdan,
Sellənsin,sənə nə?!
Güllənsin, sənə nə?!
Ölmüşəm,ya diriyəm,sənə nə?!
Mən də gedənlərdən biriyəm,
Sənə nə!
Heç "uf" da demə,acıma...
Get, asta-asta,səssiz,soraqsız.
İndi bu sevda səninçün maraqsız...
Sənə nə,necədi getdiyin adam,
Çıxdığın könül, tərk etdiyin ev...
Hörümçəklər tor qurub
Ya qarışqalar çığır salıb,
Toz basıb pəncərəni,sənə nə?!
Hər səhər üzündən təbəssüm asır,
Cızdağı çıxır hər axşam...
Ağrıyır dırnağının ucundan
Saçının telinəcən...
Soyuq baxışlarından
Qar yağır əllərinə.
Üşüyür...sənə nə?!
Gülür asta-asta,
Sızlayır için-için.
Ahı buludları ağladır,
Bir cüt bənövşə bitir
Sinəsində hər gecə...
27.11.2026