Şövkət Zərin Horovlu. - Aparır.
Gözüm dalda qala-qala
Karvanım düzəlib yola,
Kaş bir azca rüsxət ola
Ömür yaman baş aparır.
Gələn gəlir , gedən gəlmir,
Dünya öz vərdişindədir.
Ruhum özümdən öndədir,
Mənzilimə tuş aparır.
Yol uzaq ömür də gödək,
Ümiddən tutmuşam bərk-nərk.
Dolanıram bir xəyaltək,
Yuxu tutur, huş aparır.
Yalanlar özümü yordu,
Artdıqca dözümü yordu.
Gördüyüm gözümü yordu,
Qarasını yaş aparır.
Sərgərdandır ömür yolda,
Ürək kövrək , fikrim darda.
Baharım, hardasan , harda,
Məni döyüb qış aparır?
Mənə qalsa heç getmərəm,
Doğmaları tərk etmərəm.
Mən ta biçilmiş bir vərəm,
Yağmalayıb yaş aparır.