Əşrəf  Veysəlli -  BİRDİR

Ədəbiyyat 10:32 / 16.11.2026 Baxış sayı: 759

 

Özüdür özünün yaşıdı elə,

Çoxdankı arifdir,naşıdır elə.

Bu dünya dəyirman daşıdı elə,

Unu eynidirsə,taxılı birdir.

 

Ehtiyac içində biri baxsa da,

Biri xəlvət-xəlvət qapıb tıxsa da,

Biri nökərsə də ,biri şahsa da,

Dünyanın sonuncu nağlı birdir.

 

Kövrəlib nərgizi,dolub jaləsi,

Solub bənövşəsi, solub laləsi.

Bu dünya çoxuna qəm piyaləsi,

Şərabı, şərbəti,çaxırı birdir.

 

Biri gecə-gündüz kef içindədir,

Dindirsən görərsən kif içindədir.

Sərvəti min bağlı seyf içindədir,

Cibliyi,gözlüyü,daxılı birdir.

 

Suları bulanıq ,suları duru,

Nə nədər cavabsız sualı durur.

Hamı öz ağzına su alır,durur

Elə bil hamının paxırı birdir.

 

Biri yaxşı bilir- yerindir,gedir,

Biri saymazyana - harındır,gedir.

Biri dopdoluca qarındır,gedir.

Qoy getsin ,hamının axırı birdir.

 

Ay Əşrəf,sən indi nə söylədin ki?!

Qəflət yuxusundan qalxaq...çətin ki.

Bəxtəvər başına o millətin ki,

Uşağı,cavanı,ahılı birdir.

1994