Fariz Süleymanoğlu - İÇİNDƏ
Bu qoca dünyaya dərsə gəlmişik,
Hər gün öyrənirik məktəb içində.
Son dəfə ürəkdən haçan gülmüşük?
Hamı bir gərginlik, əsəb içində.
Ha su tök quyuya, dolası deyil,
Mənliyi itibsə, bulası deyil,
Zinətlə, boyayla olası deyil,
Öncə ola gərək ədəb içində.
Kimisi üzünə şəkil döydürür,
Burun-dodağına sırğa qoydurur,
Geyimlə, yerişlə dədə söydürür,
İnsan hara gedir bu “dəb” içində?!
Gecədən usandıq, ümid səhərə,
Kəndlər boş qalıbdı, axın şəhərə,
Dərman gəzən olur ürcah zəhərə
Yeni dərd uduruq biz həb içində.
Zülməti yarmağa bir şam gəzirik,
“Əlif”i görmürük, biz “lam” gəzirik,
Bütün yaranışa anlam gəzirik,
Səbəb axtarırıq səbəb içində.
Neçə yol xəlq edib, sonra qırmısan,
Gözə tor, qəlblərə möhür vurmusan,
“Ol”dan “sura” kimi bir çərx qurmusan,
Dolanıb dururuq, ya Rəbb, içində.
Yazmadın rahata, dincə məzlumu,
Əfilər yaratdın sanca məzlumu,
Qorxmasa, hüzurda bunca məzlumu
Görərsən etiraz, qəzəb içində.
Kimisi dinlərdən, kitabdan umur,
Duadan, əməldən, savabdan umur,
Suallar yağdırır, cavabdan umur,
Mətləbi axtarır mətləb içində.
Tanrım, hər sirr özü bir hikmətindi,
Qəribin sitəmi mərhəmətindi,
Duyuram, bəndəylə işin çətindi,
Bezmisən diləklər, tələb içində?!