Şakir  xanhüseyinli - HALINDAN BİXƏBƏR SƏRXOŞ...

Ədəbiyyat 11:08 / 16.11.2026 Baxış sayı: 791

 

Gəl, qardaş, gəl e...

Heç bir damla da deyilsən,

lap bir dərya olub daşsan...

Boşsan-

həddən çox yüklənmisən...

Altı tuluqlanıb gözlərinin də,

sən ki

belə-

kefli halında da kefsizsən elə...

Ürkə-ürkə

boylanırsan sağa, sola-

birdən çaşıb məndən pul istərsən ha...

Nə qədər səkkiz yazmısan bu yollarda,

heç bilirsən?

Bəlkə də yaza bildiyin tək yazıdı bu,

ay bəxtinin, taleyinin yorğun yolçusu...

Sözlərin qırıq-qırıq,

sanki dilinin ucunda titrəyirlər,

quru kirpiklərin bir-birinə dəyəndə nəmlənir.

Bax bir,

əlacsızlığın mənə də sirayət edir,

bir qəlbi qıracaq qədər

namərd deyiləm, unutma,

amma məndən pul istəmə ha...

Onsuz da, ağzının dadı qaçıb,

nədən ləzzət ala bilərsən ki?

Durub sakitcə düzəlirsən yola,

hara?

Şirin bir xəyaldı fikrində quracağın yuva;

baxmayaraq bütün bunlara

məndən, axı, niyə

pul istəmədin, hə?!.