Saqif Qaratorpaq : - Hamı yatıbdı çoxdan...

Ədəbiyyat 19:42 / 02.04.2025 Baxış sayı: 736

***

Hamı yatıbdı çoxdan,

Ağaclar da uyuyur.

Ürəyimi dualar,

Pəncərəmi ay yuyur.

Gediş-gəliş kəsilib,

Yollar alır dincini.

Bölüşməyə adam yox,

Könlümün sevincini.

Ağ nərgizin ətrindən

Sərxoş olub küləklər.

Bir körpənin üzündə

Gülümsəyir mələklər...

Dan ulduzu göz vurub

Əl eləyir uzaqdan.

Bir misra yetim qalıb,

Üşüyür ağ varaqda.

Tənək puçur-puçurdu,

Qızılgüllər qönçədi.

Qarağat çiçəkləri

Ipək sapdan incədi.

Yer də,göy də dəm tutub

Torpağın qoxusuna.

Tanrı da keşik çəkir

Gecənin yuxusuna.

02.04.2023.