Şakir Xanhüseyin : QƏLPƏLƏR

Ədəbiyyat 13:30 / 19.01.2025 Baxış sayı: 1514

 

 

***

bəndlərin sayını artırma, şair,

dərdlərin sayı da artır elə bil...

***

ilahi, bilirəm, sən tikan üstəsən,

çünki mən bu dünyadayam...

***

hiss edirəm çox kilo aldığımı, Rəfail,

çox sınıxmışam...

***

həyatın da pərdə arxası səhnəsi-

kulisi var kimi...

***

qəlbimin bir parçasıdı bu kainat, kiçicik bir

parçası...

***

özünü gizlədib belə göstər;

çoxlarının gözünün içində gəzdiyinin

fərqində ol...

***

səs etməyən klaviatura;

beynim döyəclənməsin, ya...

***

şeir var ki, şeir, şeir,

elə bil

ürəyimin sarı siminə mizrab kimi dəyir...

***

yandır işığı,

qoy mənimçün qaranlıq olsun...

***

su içində suya həsrət,

od içində oda həsrət...

***

ömür

mərtəbə-mərtəbə ucaldıqca

dibə çökür...

***

hə, görürlər səni

gözlərini sənə qarşı kor edərək...

***

sənin həyatının dəqiq qiyməti?

gözlə qiyaməti...

***

sözün meyiti qalıb ortada

***

gözündən axıb üzünü nəmləndirən nədi;

çox şairanədi...

***

o dedi: çox uzaq bir yerə gedəcəyəm,

siz qayıdacaqsınız,

mən qalacağam...

***

-o kimdi?

-aldığım nəfəs

Və nəfəsimi kəsən kəs...

***

həyatın bildiyin adam var

o, həyatda

olmasa da...

***

quşların səması?

əlbəttə, yerdi...

***

adamı götürüb də atalar bir çuxura

təki rast düşməyəsən bir namərdə, çuğula.