Arzu Əsəd : - O GECƏ

Ədəbiyyat 07:17 / 20.01.2025 Baxış sayı: 178

 

Qan içində boğulurdu o gecə,

Azadlığım doğulurdu o gecə!

Səpilirdi, uçuşurdu havada,

Sayrışırdı, parlayırdı güllələr.

İşıqladıb, aydınladıb gecəni.

Qurbanını arayırdı güllələr.

Saçılırdı göydə aya, ulduza,

Sancılırdı yerdə daşa, torpağa;

İstəyirdi göy üzünü qorxuza,

O gecəni açılmağa qoymaya.

Sıxılırdı, yığılırdı özünə,

Örtünürdü, gizlənirdi o gecə.

İçindəki qiyamətin üzünə

Heç açılmaq istəmirdi o gecə.

Soxulurdu o gecənin bətninə,

Umidlərə saçılırdı güllələr,

Doğulacaq bir körpənin qətlinə

Fərman kimi açılırdı güllələr.

Közərirdi, işarırdı dan yeri,

Sökülürdü lüləsində tankların.

Bu torpaqda ləkə-ləkə qan yeri -

Tarix hələ vicdanında saxlayır.

Dəli idi, şaşqın idi güllələr;

İnsan necə can atırdı ölməyə.

Bir çırpınış, bir yüksəliş naminə

İlan kimi atılırdı gülləyə.

Yumruğunu sıxa-sıxa oğullar

Girov idi qarşısında tankların.

Yıxıldıqca bu torpağa oğullar,

Dikəlirdi bu millətin haqları.

Təkərlərin, tırtılların altından

Baş qaldırıb ayılırdı o gecə.

Çəkilirdi, qaranlıqlar ardından

Ürəklərə yayılırdı o gecə.

Küçələrdə bir qırğının izləri,

Gül bitirdi güllələrin yerində.

Baxışlarda bir qorxunun izləri,

Qiyam vardı ürəklərdə - dərində,

Qan-qırmızı qərənfillər qiyamı;

Gülüstana çevrilirdi o gecə.

Bir Qırmızı ehtişamın, nizamın

Sütunları devrilirdi o gecə!

Ölməzləşir, tarixləşir, daşlaşır,

Mərmər kimi yonulurdu o gecə.

Bir keçmişə, bir tarixə başdaşı,

Bir həsrətə son olurdu o gecə!

Düyünüydü, bayramıydı ruhların,

Süzülürdü şəhadətin şərbəti.

Şəbi-ərus məqamıydı ruhların,

Açılırdı qapıları cənnətin.

Arzuların, sevdaların əyninə

Kəsilirdi, biçilirdi o gecə.

Bürünürdü əbədiyyət sehrinə,

Gecələrdən seçilirdi o gecə.

Qan tutmuşdu, sərxoşuydu, xumardı,

Azadlığın təşnəsiydi o gecə.

Sevdamızdan nə gedər, nə qalardı

Bəxtimizdən keçməsəydi o gecə...

Qan içində boğulurdu o gecə,

Azadlığım doğulurdu o gecə!