" Revanşist hərəkətlər  layiq olduğu qiyməti  alır" -  Deputatdan SƏRT AÇIQLAMA

HÜQUQ 13:01 / 20.09.2023 Baxış sayı: 1387

“Antiterror tədbirlərinin keçirilməsi Azərbaycanın haqqıdır. Bu tədbirlər beynəlxalq normalara əsaslanır. Çünki Azərbaycanın suverenliyi, sərhədlərimizin toxunulmazlığı qorunmalıdır. Təəssüf ki, 1988-ci ildən bəri erməni separatçıları tərəfindən Azərbaycana qarşı təcavüzkarlıq davam edir. Müharibə qurtarandan sonra Qarabağdakı erməni silahlıları ərazilərimizi tərk etməli idilər. Lakin onlar bunu etmədilər. Əksinə, bölgədə daha da möhkəmlənməyə çalışdılar”.

Bunu  son günlər  gündəmdə  olan antiterror əməliyyatı  ilə  bağlı  açıqlama  verən   Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Millət vəkili bidirib ki, belə olan halda Azərbaycan öz suverenliyini təmin etməli idi: “Keçirilən antiterror tədbirləri də buna hesablanıb. Lakin əfsuslar olsun ki, həm bundan əvvəlki Qarabağ savaşında, həm də indi bir çox ölkələr, həmçinin Amerika Birləşmiş Ştatları Azərbaycanın konstitusion hüquqlarını müdafiə etməyiblər. Onlar nəinki Azərbaycanın ədalətli mübarizəsini qəbul edirlər, əksinə, separatçıları dəstəkləyirlər. Bu gün Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək məsələnin sülh yolu ilə həllini təklif edir.   Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bunu həm beynəlxalq aləm, həm də Ermənistan özü etiraf edib. Bu halda separatçılarla hansı sülh danışıqları mümkün ola bilər axı?

Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, Ermənistan Qarabağdakı silahlılarını silahı yerə qoymağa vadar etməlir. Nəticədə də Azərbaycan Konstitusiyasına uyğun olaraq, suverenliyimiz tam şəkildə təmin olunmalıdır. Lakin erməni tərəfi buna təxribatlarla cavab verib. Son günlərdə minaların basdırılması nəticəsində mülki şəxslər və xidməti vəzifələrini icra edən hüquq mühafizə orqanlarının əməkdaşları həlak olublar”. 

Deputat deyib ki, Qarabağdakı erməni icmasını bir neçə dəfə Bakıda, Yevlaxda danışıqlara dəvət etsək də qarşı tərəf buna müsbət reaksiya verməyib: “Əksinə, onlar revanşist hərəkətlər etməyə başlayıblar. ABŞ dövlət katibi Blinkenin sülh danışıqlarından danışması absurddur.  Azərbaycan Prezidenti hələ 44 günlük Vətən müharbəsində bütün dünyaya isbat etdi ki,  dövlət suverenliyimizi qorumağa qadirdir.  Bu gün də bu belədir. Prezident Administrasiyasının bəyanatında bildirilib ki, bölgədəki separatçı rejim özünü buraxmalı və ağ bayraq qaldırmalıdır.  Bundan sonra Azərbaycan rəsmiləri ərazidəki erməni icması ilə təmaslar qura bilər”.

Tahir Rzayevin sözlərinə görə, Azərbaycan liderinin Blinkenə qəti cavabı onun öz  xalqına məhəbbətinin, torpaqlarımıza sədaqətinin göstəricidir. 

“Bu cavab heç də başqalarının hüquqlarını əlindən almaq deyil. Bu, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunmasıdır. Azərbaycan Prezidenti daim öz sülh məramını ən mötəbər tribunalardan da səsləndirib. Dövlət başçımız bu antiterror tədbirlərinin sonuna qədər uğurla davam etdirilməsində israrlıdır. İnanıram ki, son nəticə Azərbaycanın növbəti tarixi zəfəri olacaq"- millət vəkili əlavə edib.