Rəfail Incəyurd  - Nə elədim?..

Ədəbiyyat 08:35 / 19.01.2025 Baxış sayı: 578

 

Bakı – Qazax – Dədə yurdu

Haqq yolumdu, qət elədim.

Ordan bura, burdan ora

Hər şeyə diqqət elədim.

 

O sevdirib elmi, dini,

Həm əzəli, həm indini.

Hacı Mahmud Əfəndini

Dönüb ziyarət elədim.

 

Acıları gözə verib,

Göz altına kuzə verib,

Kişiynən söz-sözə verib

Anları şərbət elədim.

 

Çalışırdım gəlim xoşa,

Can qoyurdum hər naxışa.

Tuş da gəldim sərt baxışa,

Hərdənbir qələt elədim.

 

Gəzib könül baxcasını,

Yordum elin xocasını.

Xatirələr boxcasını

Əməlli qarət elədim.

 

O illəri saldıq yada,

Sükutuna daldıq, ya da.

Anam yatan çarpayıda

Uyquya cürət elədim.

 

 

Enəmmədim çox dərinə,

Bilirəm ki, qədəri nə.

...Duyğuların hənirinə

Bir daha minnət elədim.

07.01.19