Nurafizin  “Sözlə səs arası” adlı şeirlər kitabı üzərində gəzişmələr

YAZARLAR 16:45 / 06.10.2026 Baxış sayı: 416

 

“İçimi çilə çəkir,

Ahımı telə çəkir.

Mən boyda şələ çəkir,

İçimdə qırılan səs.”

Söz də insanın içindən keçən səsdir, əslində. Söz insanın daxili aləminin güzgüsü, duyğularının, arzu və diləklərinin əksidir. Bizi heyrətləndirməyi bacaran, çəkib arxasınca apara bilən və bizə yeni üfüqlər açan nə varsa, o, bizi yaşadan nəsnədir. Söz aləmində isə yaşamın ən gözəl, ən heyrətamiz anı Şeirlə vəhdətdə olmaqdır. Dünyanın bu qaramsal dövründə hələ də Şeirə-Sözə üz tutanlarımız, nə yaxşı ki, varlar! Sükutdan, gileydən, ayrılıqdan keçən bütün yolların sakini – Şairlərdən olmaq dostumuz Nurafizin də taleyinə yazıldı. Və o bunu bir lütf kimi qəbul etdi. Əks halda bu şairlik yox, əsl dəlilik olardı.

“Bu xəbərin içində

Boş yolam, gözdən uzaq.

Səsimin qapısını

Gah gün döyür, gah sazaq.”

Bəzən bir səsdən, bir zəngdən asılı qalırsan. Reallıqlar o qədər acı olur ki, başını qatmağa, özünü aldatmağa heç həvəsin də qalmır. Daha özünü aldada bilmirsən. Vaxt əlahəzrəti də fövta vermisən. Yaş da o yaş deyil. İndən belə nə danışsan söz şəklində fəlsəfə yüklü bir şeylər səni dara çəkməyə başlayacaq.

Sən axı daha asan, daha tez anlaşılmaq istəmişdin. Bəs o zaman Sən keçdiyin yollar niyə bu qədər qəliz və mürəkkəb olmalıydı ki?

Nurafizi hardasa gördüyümü xatırlayıram. Amma harda? Bax, onu dəqiq xatırlamıram. Bəlkə də onu şeirlərində görmüşəm. Yolu şimal tərəfə düşəndə kitablarını Şabran Poeziya Evinə göndərib, mən də oxumuşam, hətta ola bilsin ki, Xaqaninin heykəli ilə də şəkil çəkdirib, özünü bizə doğmalaşdırıb. Onu tanıyanlar yaxşı bilir, axı o şeirləri qədər gerçəkçi, şeirləri qədər canlıdır. Söz gərək insanın ruhundan boy verə. Onda özünlə sözün üst-üstə düşür, şeirindən tanıdığın şairlə həyatda rastlaşanda səni təəccüb bürümür.

“Göz yaşına güvəndim,

Yağışım, suyum, deyə.

Ömrü islağa qoydum,

Söz ilə yuyum deyə.”

Bəlkə də Nurafizin şeirlərində məni ən çox çəkən elə budur: o, sözü sadəcə demir, onu yuyur, isladır, səsə çevirir. Bəzən bir sözün içində uzun bir susqunluq, bir sükutun içində isə bütöv bir şeir gizlədir. “Sözlə səs arası” da elə həmin gizli yerdir — insanın dediyi ilə demək istədiyi, eşidilənlə eşidilməyən arasında qalan yer.

“Bir az Göy də yıxıldı

Yerə düşən yuvada.

Quşların ayaqları

Yalın qaldı havada.”

Burada mənə ən çox “Yerə düşən yuvada” və “Yalın qaldı havada” toxunur. Çünki adi məntiq tərsinə çevrilir: yuva yerə düşür, amma quşların ayaqları sanki hələ də havada qalır. Bu, həm konkret mənzərədir, həm də çox yaxşı bir tənhalıq və dayağın itməsi obrazıdır.

Bir də “Göy də yıxıldı” çox iddialı misradır. Ağac yıxılanda təkcə ağacın yox, onun kölgəsinin, quşunun, yuvasının, hətta bir parça göyün də yıxıldığını hiss etdirir.

Əvvəlki bəndlərdə şair payızın yaratdığı itkiləri göstərir: ağac sınır, yarpaq vaxtsız solur, payız qapısına getməyə üzü olmayan bir təbiət yaranır. Amma son bənddə artıq hadisənin miqyası dəyişir.

“Bir az Göy də yıxıldı” — bax, burası məni saxlayır.

Çünki göy əslində yıxılmır. Amma yuva yıxılanda quş üçün göyün bir hissəsi də yıxılır. Yuva onun dünyasıdır. O yuva dağılanda sanki göy də öz yerində qala bilmir.

Sonra:

“Yerə düşən yuvada”

Bu misra çox maraqlı paradoks yaradır. Yuva göydə olmalı idi, indi yerdədir. Deməli, öz yerindən çıxarılmış bir həyat görürük.

Amma mənim üçün bəndin ən ağrılı yeri son iki misradır:

“Quşların ayaqları

Yalın qaldı havada.”

Burada “yalın” sözü çox şey edir. Şair “quşlar yuvasız qaldı” desəydi, fikir aydın olardı, amma adi olardı. “Ayaqları yalın qaldı havada” deyəndə isə quşun dayağı itir. Ayaq var, amma basmağa yer yoxdur. Hava var, amma yuva yoxdur. Və qəribədir, burada “havada qalmaq” ifadəsinin iki mənası üst-üstə düşür: həm quşun fiziki vəziyyəti, həm də insanın “ayağının yerə dəyməməsi”, yəni dayaqsız qalması.

Mən hətta bunu Nurafizin şeir dünyasına da bağlayardım. Onun “Sözlə səs arası”ndakı həmin iç səsi, insanın içində qırılan nəsə var axı... Burada da sanki təbiətin içində insanın halı danışır. Ağac sınır — quş yuvasız qalır — göy yıxılır — ayaqlar havada qalır. Təbiət hadisəsi tədricən insan taleyinə çevrilir.

Bir də çox sevdiyim başqa bir şey var: şair “Göy də yıxıldı” deyir, amma şeiri fəryadla bitirmir. Sadəcə mənzərəni göstərir:

“Quşların ayaqları / Yalın qaldı havada.”

Bu sakitlik ağrını daha da artırır. Müəllifin nə qədər belə dolğun misraları var.

Kitabı oxuyarkən hey düşünürdüm, axı hər şeirin, hər bəndin öz haqqı var, öz ağırlığı, öz biçimi var... Oxuyan zaman hər şeirin, hər bəndin haqqını vermək isə qalır oxucunun düşüncəsinə-duyumuna... Şeir dünyanın haqqını qoy əsl poeziya aşiqləri versin, Şair dost! Kitabın mübarək və oxunaqlı olsun!

AY Bəniz Əliyar