Məmməd  Qədir - Görünürəm

Ədəbiyyat 11:36 / 06.10.2026 Baxış sayı: 581

 

Məni görmək üçün göz gərək deyil,

Hər sevən ürəkdə mən görünürəm.

Sevdalı könüldə nur topasıyam,

Sevdasız ürəyə çən görünürəm.

 

Uydum təbəssümə, xoş qılıqlara,

Lal olub qarışdım mən balıqlara,

Səpildim, bölündüm ayrılıqlara,

Bir eşqə toplanıb cəm görünürəm.

 

Yolunda dumana, çənə büründüm,

Üst-üstdən geyindim, qəmə büründüm,

Əriyib yox oldum, - sənə büründüm,

İndi hər tərəfdən sən görünürəm.

Günahdı, zirvələr qardan ayrıla,

Sevənlər quş olar, yerdən ayrılar,

Qıyma yaratdığın yardan ayrıla,

İlahi, mən onsuz kəm görünürəm..