Nazim Əhmədli -  TANRI KİMƏ VAXT VERİB

Ədəbiyyat 13:00 / 06.10.2026 Baxış sayı: 593

 

Payız nə tez qayıtdı,

yarpaqlar sarı-sarı;

yenə döndü könlümə,

ürəyimin qubarı;

 

ulduzlar kürə-kürə,

gəldik, dərd görə-görə;

alnımdan düşüb yerə,

fələyin dərkənarı;

 

dərdi yığdım xurcuna,

həsrətimə acıma;

qırov bükdü saçıma,

ötən qışın ağ qarı;

 

göy üzünün köçündə,

buludlar kündə-kündə;

bax, ovcumun içində,

cızıqlar, yarı-yarı;

 

tanrı kimə vaxt verib,

dərdi ikiqat verib;

deyir, orda çat verib,

babamızın məzarı;

bu nə səsdi, kiridi,

qəlbi dağlar əridi;

gecə yuxuma girdi,

göy üzünün kənarı.

Bakı 2019.