Kəmaləddin  Qədim - DƏRDLİDƏN DƏRDİ SORUŞMA...

Ədəbiyyat 10:35 / 06.10.2026 Baxış sayı: 535

 

Əvvəli saxla yadında,

soruşma, ardı soruşma.

Nə zamansa mən adında

birisi vardı...soruşma...

 

Kimi kim itirdi necə,

Kiminki gətirdi necə...

Bu necə kətildi, necə,

bu necə dardı, soruşma...

 

Yadam səndən özgəsinə,

Qadam, səndən özgəsinə.

Nədən səndən özgəsinə

gözlərim kordu, soruşma...

 

Dünyadı, min dolağı var,

Min yolu var, yolağı var.

Bilmirsənmi qulağı var,

burası yerdi, soruşma...

 

Demişdim sənə, çəkirəm,

Gərmişəm sinə, çəkirəm.

Heç soruşma nə çəkirəm,

dərdlidən dərdi soruşma..