Əlizadə Nuri - Zəng
Güllələr o yanda günah eyləyir,
Dünya savaşından zəng gəlir mənə.
Hardasa bir uşaq ağlayır indi-
Gözünün yaşından zəng gəlir mənə.
Qaçıb yer üzündən, gen dayanmışam,
Bir tənha ulduza tən dayanmışam.
Sözün bu başında mən dayanmışam
Sözün o başından zəng gəlir mənə.
Sel gəlib- işimiz samana düşüb...
Yaxşı nə vardısa, yamana düşüb.
Quşlar göy üzündə dumana düşüb-
Əbabil quşundan zəng gəlir mənə..