Məmməd Qədir - Ətir saç mənə
Sənsiz hücum çəkdi həsrət qoşunu,
Kimsə söyləmədi "gizlən, qaç..." mənə.
Sevgimi yel vurdu, duman bürüdü,
Yenə də bar verdi bu ağac mənə.
Bulud tək dolmuşam, yağıram sənsiz,
Məni çəkəmmirəm, ağıram sənsiz,
Yetiməm, xəstəyəm, fağıram sənsiz,
Bircə həb sevgindi son əlac mənə.
Mənim yolum sənsən, bil, yolçun mənəm,
Namazın, iftarın, orucun mənəm,
Bağımda bitmisən, qulluqçun mənəm,
Pöhrələn, qönçələn, çiçək aç mənə.
Səni səbəb saydım xeyirlərimə,
Ən şirin "bəli" sən "xeyr" lərimə,
Çəkmişəm eşqini ciyərlərimə,
Könlümdə bir ömür ətir saç mənə...