Ayaz Arabaçı - Uşaqlıqda...
Uşaqlıqda
hərənin İki adı olur, mənim də olub.
Mənim hətta üç adım olub.
Bir adam üç adam olub.
Unutmuşam indi o adları
Qırılıb hamısının qanadları.
Kimsə çağırır o adlardan birini
hərdən..
Ayılıram düşüncələrdən.
Çağırır, dönüb baxmıram,
Bəlkə heç məni çağırmır.
Bilmirəm hansımız saxtayıq bu adlardan,
hansımız əsas.
Amma nələrisə xatırlayıram az-az.
Könlümdə bir istəyim var,
durmuşam əmrinə müntəzir..
Nə nöqtə qoya bilirəm,
nə də davam elətdirə,
içimdə
yarımçıq cümlə kimi gəzir.
Hər gün bir şeirdən doğuluram
Nəsiminin qürubu dolğunluğunda.
İçimdə bir qərib hüzn var
gün batımı yorğunluğunda..
Fikirlərim
yolunu itirmiş uşaq kimidi
Elə hey gedir evlərini tapa bilmir..
Cırtdan da yox soruşsun,
İşıqgələnəmi, ithürənəmi.
Elə gözəl qürbət olub ki,
vətən..
Elə gözəl yad gəlir ki.
Hamı ögeydi, kiminlə gəldi dalaşıram.
Heç vaxt görmədiyim küçələrdə dolaşıram.
Hər qapını döyürəm
heç kim açmır.
Ülgüc tiyəsi kimi kəsir zaman
xatirələr ayağımın altına səpilir
yeriyirəm qanadıqca anlayıram
geri dönüş yoxdu..
Nə etməli yel dəyirmanları ölüb, döyüş yoxdu.
Öz üstümə qışqırıram,
özümü danlayıram, söyürəm..
Susuram, eşitmirəm.
Özümə qarşı amansızam.
Günlər keçmir, heç cür keçmir, zamansızam..
Sən nə bilirsən
öz içində darıxmağın nə olduğunu
bir insanın özünə qonaq qalmasını
və bir gün
qapıdan çıxıb
geri qayıda bilməməsini…