Könül Nuriyeva - Valideyn olmaq…

YAZARLAR 09:50 / 02.06.2026 Baxış sayı: 422

 

 

Uşaqlarımıza bahalı geyimlər almaq, onları ən gözəl əyləncə mərkəzlərinə aparmaqla "ideal valideyn" obrazını tamamladığımızı düşünürük. Bəs, təkcə görünüşlə kifayətlənə bilərikmi?

Təəssüf ki, hər il uşaq bayramında şahidi olduğum mənzərə ilə yenə rastlaşdım. Qarşımda xoş olmayan bir reallıq– valideynlərin uşaqlara qarşı aqressiyası canlanırdı.

Məsələn, kiçik bir uşaq sırf qardaşının və ya bacısının arabasına minmək istədiyi üçün əlinin üstünə endirilən zərbələrlə "cəzalandırılırdı”

Digəri dondurma istədiyinə, bir başqası isə yerində sakit oturmayıb gəzmək istədiyi üçün fiziki təzyiqlə susdurulurdu. Daha çoxunu görməmək üçün uşaq olmayan yerlə addımladım.

Gəlin, səmimi olaq: Bu davranışın kökündə əslində nə dayanır?

Çox vaxt uşaqlarımız iş yerindəki gərginliyin, məişət problemlərinin, hətta sosial-iqtisadi çətinliklərin "günahkarına "nə çevrilir. Valideynlər öz daxili aqressiyalarını və uğursuzluqlarını ən zəif həlqə olan övladlarından çıxarmaqla bir növ "psixoloji boşalma" yaşayırlar.

Ancaq unutmayaq ki, uşaq sizin şəxsi əşyanız, mülkiyyətiniz və ya emosional yükünüzü daşıyacaq bir obyekt deyil. O, öz iradəsi, istəkləri və hüquqları olan bir fərddir. Onların təbii maraq və istəklərini zorakılıqla boğmaq olmaz. Bu gələcəkdə travmalı, özünəinamını itirmiş nəslin formalaşmasına yol açır.

Valideynlik bahalı geyimlər və ya şənliklər deyil, ilk növbədə, öz emosiyalarımızı idarə edib, övladımıza təhlükəsiz və sevgi dolu bir mühit təqdim etmək bacarığımızdlr.

Sonra da deyirik ki, uşağımı hansı psixoloqa aparım? Bünövrəni özümüz qoyuruq…

Bəs, siz, əziz dostlar valideynlərin uşaqlara olan yanaşmasını dəyişmək üçün hansı təklifləri düşünürsünüz