Ayaz Arabaçı -  Mənim könlüm deyir Ki

YAZARLAR 22:00 / 02.06.2026 Baxış sayı: 629

...

Hərdən ürəyim o qədər dolu olur ki, yazıb boşaltmaq istəyirəm. Həm də qələm götürüb vərəqləri dadlandıra-dadlandıra.

Uzun illər kağız-qələmlə işlədiyimdən hələ də o dad-tamı kompüterdən, telefondan ala bilmirəm..

Beləliklə uzun bir yazıya başlayıram:

Onu da bilirəm ki, İndi hamı hövsələsiz olub, yazı uzun olanda heç kim sona kimi oxumaq istəmir. Amma külək başlayana qədər mənim bu şəkildə oturduğum yerdə əla bir rahatlığım və boş vaxtım vardı. Burda oturdum və insanları seyr eləyə-eləyə yazmağa başladım. Bura adamların gur gediş-gəlişi olan yerdi.

Mən burdan keçən adamların çoxunu qayğılı, qüssəli, kədərli gördüm. Və yazımın bu hissəsinin adını

"Hər qaranlıq gecənin bir sabahı var, hər qışın arxasınca bir bahar gəlir..." qoydum..

Bu fikir min İllərdi ki, yaddaşımızda daşlaşıb. O sadəcə təsəlli deyil, həyatın ən qədim və dəyişməz qanunlarından birinin ifadəsidir. Təbiətin, zamanın və insan taleyinin qanunudur.

Qaranlıq gecə həmişə insanın qorxularını, ağrılarını böyüdür, itkilərini dərinləşdirir.. Yəni ümidsizlik bütün üfüqləri sarır. Adam elə bilir ki, bu zülmət, bu qaranlıq, bu gecə heç vaxt bitməyəcək. Amma təbiət bizə hər gün bir daha bu həqiqəti göstərir və deyir ki, ey oğlum, ey qızım, dünyanın ən uzun gecəsi belə sübhün qarşısında acizdir. Günəş doğmaq üçün nə icra başçısından, nə polis rəisindən, nə prokurordan, nə prezidentdən nə də gecədən icazə almır. Doğur və zülməti qoyur cibinə.

İnsan həyatı da buna bənzəyir. Elə anlar olur ki, qəlbimizə qış hakim kəsilir. . Sevdiklərimizi itiririk,sarsılırıq, ümidimiz üzülür,qüssədən boğuluruq.. Deyirik daha taleyimizə bir də bahar gülümsəməz..

Nə zaman, nəyi yaşayırıqsa, yaşadığımızı əbədi hesab edirik. Kədər içində olanda elə bilirik ki, bu kədər sonsuzdur. Sevinc içində olanda isə həmin sevincin heç vaxt bitməyəcəyini düşünürük. Halbuki həyatda heç bir hal daimi deyil. Nə sevinc əbədidir, nə də kədər. Zaman hər şeyi dəyişdirən görünməz bir seldi. Biz istəsək də, istəməsək də, bu sel bizi yeni sahillərə aparır.. Gecələr bizə işığın, qış isə baharın gözəlliyinin qədrini bilməyi öyrədir. İşıq qaranlıqla, sevinc kədərlə, ümid ümidsizliklə mənalanır.

Bəzən Tanrı insanı məqsədinə düz yol ilə yox, dolanbac yollarla aparır. (burda yeri gəlmişkən onu da qeyd edim ki, bəzi adamlar şeytana uyub məqsədinə ƏYRİ yollarla çatır) İnsan həmin yolların mənasını o anda anlaya bilmir. Etiraz edir, gileylənir, taleyinə söyür, bəxtini lənətləyir.. Lakin zaman keçdikcə qənaətində nə qədər yanıldığını fərqinə varır..

Hər itki bir dərsdi, hər ağrı bir hikmətdi, hər bir damla göz yaşı ruhun təmizlənməsinə sərf olan zəhmətdi..

Adam min cür çətinliklə qarşılaşsa da, ümidini qorumalıdır. Çünki ümid gələcəyin yaxşı olacağına inanmaqdır. Sübhün açılacağını bilmək üçün günəşi görmək lazım deyil. Kifayətdir ki, gecənin daimi olmadığını anlayasan.

Və həyatın min illərdir dəyişməyən həqiqəti budur,

hər qaranlıq gecənin bir sabahı var,hər qışın dalınca bahar gəlir. İnsan da nə qədər yorulsa, nə qədər bezsə, usansa, nə qədər ağrı çəksə qəlbindəki ümid çırağı sönmədikcə yenidən güclənə bilir. Çünki həyatın özü dəyişmək, yenilənmək və yenidən başlamaq möcüzəsidir. Və bizi zülmətə boğanlar, acı çəkdirənlərədi sözüm-

Nə qədər istəyirsiniz "dalınızla" göyə çıxın..Bir şeyi unutmayın:

- Hökmən yaxşı günlər gələcək...

Davamı olacaq..