Kəramət :- GÖYDƏN ƏCƏL YAĞIR
Göydən əcəl yağır, dalda yerim yox
"Göz yaşı" yalandı, "bəxt"...yoxdu, gözəl.
Dibsiz quyuların dibini göstər
Sevib-sevilməyə vaxt yoxdu, gözəl.
"Ah, Uf" yeri deyil, söz yeri deyil,
Toqquşaq-ayrılaq bir cüt badətək
İçimdə sərsəri küləklər əsir
Səni də, məni də aparır külək.
Ömür-göz qırpımı, göz qırpımında
Göz-gözə baxmağa vaxt yoxdu, gözəl.
"Sevirəm" söyləmə söz qırpımında
Xaraba sarayda taxt yoxdu, gözəl.
Dünyanln yaddaşı=güzgü yaddaşı
Hər kimsən...adın da yadımdan çıxıb.
Səni qoxlayaram başdaşınacan
Bir sinə daşının üstünə yıxıb.
Kişisiz, fəsilsiz bir dövran gəlir
Daha gəlinlər də hamilə olmaz.
Sinəmi açıram...oddu tökülür
Sonra heç külüm də əlinə gəlməz.
Göydən əcəl yağır, dalda yerim yox
Göz yaşı yalandı, bəxt yoxdu, gözəl.
Dibsiz quyuların dibini göstər
Sevib-sevilməyə vaxt yoxdu, gözəl.
(1990)