İşğalçı Ermənistan ordusu azərbaycanlı uşaqlara qarşı işgəncə davası aparıb

MÜSAHİBƏ 13:28 / 04.09.2023 Baxış sayı: 2596

 

Bu sözləri bizimlə söhbətində müharibədən əziyyət çəkən uşaqların müdafiəsi ilə bağlı araşdırmalar aparan tədqiqatçı- hüquqşünas Nəsimi Faiqoğlu   söylədi. O bildirdi ki, Ermənistanın xüsusi təlim görmüş ordusu Azərbaycanda ölçüyəgəlməz dərəcədə faciələr törətmiş, minlərlə dinc sakin bu faciənin qurbanına çevrilmişdir. Onların içərisində çoxlu sayda uşaqlar da  vardır. Topladığımız materiallar onu göstərir ki, erməni güdazına gedən bu uşaqlar olmazın işgəncələrə məruz qalıblar. Yeri gəlmişkən onların bir neçəsini sadalayıram.

1988-ci ildə Ermənistan Respublikası Leninakan (Spitak) şəhərində uşaq evində yaşayan 70 nəfər azərbaycanlı uşaq avtobusla Azərbaycanın Qazax rayonuna gətirilərkən Ermənistanın Spitak rayonunda avtobus saxlanılmış, Muradyan soyadlı bir erməni “bu qədər türkü əlimizlə hara veririk”-deyərək uşaqları böyük dəmir borunun içərisinə doldurtdurub ağzını qaynaqlatmışdır. Sonra boru hündür dağdan dərəyə dığırlandırılmışdır.

Başqa bir misal-1988-ci il may ayının 11-də Ermənistan Respublikası Ararat (Vedibasar) rayonunun Şidli kənd sakini Əkbərin iki aylıq oğlan uşağını erməni cəlladları ayaqlarının altına salıb vəhşiliklə öldürmüşlər.

Digər misal-1988-ci il noyabrın 30-da Ermənistan Respublikası Ararat (Vedibasar) rayonunun Xəlisə kəndində gözünü qan örtmüş erməni idman müəllimi 5 yaşlı azərbaycanlı uşağı   qaldırıb yuxarı  və başının üstündən yerə çırpıb. Uşaq o dəqiqə keçinib.

Laçın rayonunun Köhnəkənd kəndində anadan olmuş 14 yaşlı Səlimov Elçin Kamal oğlunu 1990-cı il iyun ayının 21-də erməni hərbçiləri kəndin kənarında tutmuş  və minbir işgəncə ilə öldürmüşlər. Oğlunun dəhşətli qətlini gözləri ilə görən atanı da zülümlə qətlə yetirmişlər.

Hələ mən Xocalıda, Füzulidə, Ağdamda, Cəbrayılda, Kəlbəcərdə, Qubadlıda.... qanlarına boyanan körpə uşaqlarımızı demirəm.

-Siz həm də qardaşınız İlkin ilə birlikdəErmənistan ordusunun Azərbaycanlı uşaqlara verdiyi əzab-işgəncələrdən, ölüm-itimdən bəhs edən bir kitab da yazmısınız. Bu kitab barədə bir neçə kəlmə danışmağınız yerinə düşərdi.

 -Əslində biz bu mövzuda bir neçə kitab tərtib edərək çap etdirmişik. Sonuncu kitabımız nisbətən təkmilləşdirilmiş variantdır. “Qətl edilmiş uşaqlar” adlanan bu kitabda erməni qətliamlarına məruz qalan 40 günlüyündən 17 yaşına kimi 300-dən artıq (siyahı tam deyil) azərbaycanlı uşaqların faciəli həyatı öz əksini tapır. Bu kitabı vərəqləyən və oradakı şəkillərə baxan insan ilk andan təcavüzkar Ermənistanın işğalçı ordusunun azərbaycanlı uşaqlarla işgəncə davası apardıqlarının şahidi olurlar. Kitab ingilis, alman və fransız dillərinə də tərcümə olunub.

Bu kitab bütövlükdə qətl olunan uşaqların hamısını əhatə etmir. Hələ bizim diqqətdən kənarda qalan xeyli şəhid uşağımız var. Biz onların barəsində də materialları toplayıb mükəmməl bir kitab çap etdirmək niyyətindəyik. Biz bu kitabı türk, rus, ispan, ərəb, fars, çin,  hətta erməni dilinə də tərcümə etdirmək niyyətindəyik.

-Məqsədiniz nədir?

-Bununla biz dünya ictimaiyyətinin nəzərinə çatdırmaq istəyirik ki, türk qanına susayan ermənilər azərbaycanlı uşaqları işgəncə ilə öldürüblər. 

Şəhid uşaqların müharibədən uzaq ölkələrdə yaşayan tay-tuşlarına çatdırmaq istəyirik ki, yer üzündə insanlığa, insanlara qənim kəsilən vəhşi xislətli Ermənistan adlı bir dövlət var.

-Nəsimi müəllim, bu işdə sizə maddi dəstək olan varmı?

-Təəssüflər olsun ki, yoxdur. Biz materialları atamın və qardaşımla mənim əmək haqqımız hesabına toplayırıq. Müraciət etdiyimiz nazirliklər yaxalarını kənara çəkirlər. Amma adının çəkilməsini istəməyən iki nəfər mötəbər şəxs bizim ərizəmizə müsbət yanaşdı və qalan materialların toplanması üçün bizəqismən də olsa maddi dəstək göstərdilər. Çox sağ olsunlar. Amma onların bu dəstəyi işimizi tamamlamağa bəs etmir.

-Son olaraq nə deyərdiniz?

- Respublikamızın 20-yə yaxın rayon və kəndlərində hələk diqqətdən kənarda qalan şəhid uşaqların materiallarının toplanması və müxtəlif dillərə tərcümə edilməsi üçün bizim maddi imkanımız yoxdur. Tərcümələr də çox bahadır. Mən imkanlı həmyerlilərimizdən xahiş edirəm ki, erməni vəhşiliyinin dünyaya çatdırılması üçün nəzərdə tutulan belə bir kitabın ərsəyə gəlməsində öz köməkliklərini əsirgəməsinlər.

-Nəsimi müəllim, bu işdə sizə uğurlar arzulayırıq və güman edirik ki, alicənab, səxavətli və vətənpərvər soydaşlarımız sizin səsinizə səs verəcəklər.

-Təki belə olsun. Bəri başdan xeyirxah insanlara təşəkkürümüzü bildiririk.

Söhbətləşdi Elman QASIMOV,

“Zərdabi Nəşr” MMC-nin direktoru

 

 

v