İlqar Türkoğlu - Dağların zirvəsi çəndə itibdi...
5 gündür ki, kənddəyəm. Bu şeirimdə adı keçən "Kəkil"ə də bu gün baş çəkdim.
Dağların zirvəsi çəndə itibdi,
Yolumu gözləmə sən, “Kəkil” yeri.
Daha pasportumda limit bitibdi,
Üzə gülümsəyir son şəkil yeri.
Nə vaxtdı yazıram dostlara bir-bir,
Ötürüb günləri ayı gözləyə.
Yadıma salıram “tost”ları bir-bir,
Baharı gözləyə, yayı gözləyə...
Seyrəlib əzəlki şənlik bölgəsi,
Azalıb səs-küyü, qulağı “deşmir”.
Çəkilib söyüdün “saqqal” kölgəsi,
Manqalın tüstüsü “bığ”ını eşmir.
Gözə dəymir daha “köhnə” cavanlar,
Başımı aldadıb bağa göndərə.
O meyvəsi ötən, gülü solanlar-
Yoxdu atam-anam, yığa göndərə.
Uşaqlıq illəri, köhnə yellənçək
Bir qoca çinardan asılıb gedər.
Dərdini özünlə, kefi elnən çək,
Bir qapının zəngi basılıb gedər...
Daha qoşa düşmür, zərimdən keçib,
Kimsə noğul dolu xurcunu istər.
“Allaha pənahdan-kərim”dən keçib,
Əzrayıl gələndə “borc”unu istər.
Dağların zirvəsi çəndə itibdi,
Yolumu gözləmə sən, “Kəkil” yeri.
Daha pasportumda limit bitibdi,
Üzə gülümsəyir son şəkil yeri.