Günah hər kəsin özündədi

YAZARLAR 08:25 / 09.10.2024 Baxış sayı: 1991

 

 

Xalq şairi Osman Sarıvəllinin ruhuna ehtiramla

 

Hər dəfə dünənimə, yəni  arxada qalan və indi mənə bəzən çox sərt təpkilər gələn günləri düşünəndə daha çox özümü günahkar görürəm. Bütün olmuşlar mənim özümün ağlımın, ürəyimin və bir də həyata baxışımın mənə verdiyi cəzadır. Bir insan olaraq mən dünyanı öz ürəyimin pəncərəsindən seyr etmişəm. Görünür bu, yetərli olmayıb. Çünki bir ürəyin pəncərəsi kimlərəsə görə dünyanı göstərə bilməz, seyr etməyə imkan verməz. Bu cür düşünənlərə indi  içimdə «yazıqlar olsun» desəm də, gerçəklikdə bəlkə də elə mənə yazıqlar olub. Ən azından ona görə ki, yük də, ağır da, elə yaşadıqlarım da mənim çiyinlərimdə özünə yer tutub. Və ayaqlarını sallayıb çiynimdən üzü aşağı. Mən isə…

Allah insanı yaradanda onu digər  canlılardan fərqləndirən ağılla mükafatlandırıb, ağıl verib bəndəsinə. Doğrudur, ağılın ölçüsü, çəkisi yoxdu və varsa da mən bilmirəm. Amma ağıldan yararlanmaq, onu işlək hala gətirib cəmiyyətə və təbii ki, cəmiyyətin içərisində özünə də faydalı etmək bəndənin vəzifəsidi. Bu mənada mənim ağıl payımdan giley etmək haqqım yoxdur. Amma ondan yararlana bilməməyim  də ağılın yox, yenə mənim günahımdı. Bir az da açıqlasam «ağıl ağıldan üstün olar» fikrinə, zərb-məsəlinə həmişə sayqı ilə yanaşıb öz fikrimi arxa plana keçirmişəm. Nəticədə də ağlımdan üstün olan ağıl sahibləri mənim halal haqqıma bu və ya digər şəkildə əngəl törədiblər, problem yaradıblar. Üstəlik mənim özüm də bu məqamda onların şərikinə, yardımçısına çevrilmişəm. Fərqinə varmamışam ki, niyə  və  nələr  baş verir. Sonda isə suyu sovrulmuş dəyirmanda və yaxud toz qopan xırman yerində xəyala dalmaq qalıb mənə. Xəyal isə nə çıxış yoludu, nə də xilas. Olsa-olsa iynə ucu boyda təsəlli, ya da arzu, ümid… Budur,  özünün öz əlinlə uçurtduğun divarın yerində qalan...

Gerçəkliyi öncədən görə bilməmək və son nəticəni də yalnız təxmin etmək… Bax, bu aralıqda həmişə yaxın bildiklərimi, doğma hesab etdiklərimin sözünə, ağlına üstünlük verməyim indi çəkdiklərimin nə boyda olduğunu ürəyimdəki saysız-hesabsız sancıların dili ilə ifadə edir. O sancmalar göstərir ki, dörd divar arasında öz-özüylə danışan adam kimlər üçünsə dəli, anormal kimi də görünə bilər və bu görünüşə, bu düşüncəyə görə heç bir tərəf qınanıla bilməz. Necə deyərlər, məni dərd yandırır, onları isə görüntü!

Bax, elə bu durum, bu real həyat məni xəlbirdən, ələkdən keçirir, sağa-sola çırpır. Hər şeyi olduğu kimi anlamağa, dərk etməyə və yenidən dəyərləndirməyə istiqamətləndirir. Mən isə kağıza, qələmə tərəf baxıram və:

 

Dağ dumana, dərə selə göz qoyub

Yaranıbdı  təmaslardan bu ülfət…

Ürək dilə, dil dodağa söz qoyub –

Bu sevginin günahkarı Əbülfət!

 

Gecə açıb yaxasını ulduzlar

Bu halından həyalanıb qızarıb…

Taleyimdə bir mirvari ulduz var –

Onun mənə diqqəti tay azalıb…

 

Kim istəməz yar yarasın sarısın –

Bir də axı, sarımağa nə gərək?

Bu dünyada yar sözünün yarısın –

Haqq etmədi belə çıxır, bu ürək!

 

…Sığınıbdı bir Allaha, bir Ona

Bir özüdü və bir də ki, dərd-külfət…

Bir ömür də belə çatır tay sona –

Günahkarı bu Ürək və Əbülfət…

 

Ürəyimin səsi, pıçıltısı olan bu misralar həm də mənim ürəyimə etdiyin bu zülmün əks-sədasıdır. Allahın verdiyi ömrü və bir də Allahın varlığıma hopdurduğu sevgini adam kimi yaşaya bilməmək, adam kimi dəyərləndirməmək məndən başqa kimsənin günahı deyil. Burda söhbət bir ömrə pay olan, lap elə ömrün haqqı olanın qarşı tərəfin ürəyinə köçürə bilməməkdən, onu da bu sevdada olmağa inandıra bilməməkdən gedir. Hər halda ürək nə çəkirsə, onu elə ürəyin özü bilir. Amma tək əl gücsüz olduğu kimi tək ürək də dərdə, ağrıya, həsrətə müqavimət göstərməkdə həmişə arxasız, köməksiz, ümidsiz qalmağa məhkumdu. Bu, mənim fikrim deyil, bu, həyatın özünün ortaya qoyduğu gerçəklikdi. Gerçəkliyi də yalnız sevənlər, sevginin nə olduğunu yaşayanlar, gecələr yastığı, gündüzlər dizini qucaqlayanlar bilər…

Qapını döyən səs adamın diqqətini nə qədər özünə çəksə də şübhə yeri qoyur. Çünki o səs tanış deyil. Və tanış olmayan səsin də nə gətirdiyini Allahdan başqa bir də gətirən bilir. Yəni səsin sahibi. Məhz bu düşüncə səni də, məni də, elə hər birimizi də bir diqqətə kökləyir. Toparlanıb o  səsə tərəf boylanırsan, qapını o səsə açırsan. Elə həmin o prosesin içində də bir şok yaşamaq da var, bir göz yaşı da var, bir təəssüf də, bir peşimançılıq da. Bu da hər kəsin qapısını döyən səsin məramından, gəlişindən asılıdır. Mən bütün günahlarımın içərisində boğulanda da, ayaqda durub var-gəl edəndə də tək olmamışam. Daxilimdə, ruhumda həmin o qapını döyən səsin sahibi olub. Ona görə də qapını döyən səsin sənə aid olduğunu gözü yumulu bilmişəm.  Soruşmadan, tərəddüd etmədən açmışam qapını o səsə. O səs xatirə olsa da… o səs bugünün, bu anın içindən qopub gəlsə də…o səs mənimlə göz-gözə, üz-üzə, nəfəs-nəfəsə dayansa da… Ona görə ki, mən o səsi özümdən uzağa buraxmamışam. Deməli, həmişə yanımda olan səs havalandığım, öz-özümə danışdığım anlarda da  qapını döyməklə sənli xatirələri geri gətirir və:

 

Dinləmək çox gözəldi

Boyat xatirələri…

Bir mesajla lütf edib –

Oyat xatirələri!

 

Demə sevgi yandırar,

Gün gələr inandırar!

Sənə məni andırar –

Həyat xatirələri…

 

Yenə gözlərim dolub,

Payızdı – çöhrəm solub…

O köhnə Ümid olub –

Soyad, xatirələri…

 

Bəzən mənə təsəlli verirlər. Bu təsəlli sancmalarla dolur, ironiyalarla da müşaiyyət edilir. Amma həqiqi, yəni  sevginin nə olduğunu bilən dostlar, tanışlar isə birmənalı olaraq bu mövzuda ya susurlar, ya da eyni fikri təkrarlayırlar. Onlar səmimi şəkildə deyirlər ki, günah hər kəsin özündədir, kənarda günah axtarmağa heç bir səbəb yoxdur! Mən öncə bu yanaşmadan, bu münasibətdən bir az incidim. Amma sonra fikrin qatlarına enəndə anladım ki, acı da olsa bu, gerçəkdi. Bu gerçəyin özünün də yozumları var, yəni səbəbləri var. Bir az dünyaya gec gəlmişəm… bir az yolumuz gec kəsişib… bir az sevgimi gec etiraf etmişəm…, bir az… bir az… bir az. Və sonda da mənim ürəyimdə mütləq hakim olan sevgi o bir azlarla vuruşmalı olub, indi də vuruşur. Ən maraqlısı da budur ki, vuruş da özü-özüylədir. Çünki qarşı tərəf bilmirəm hansı mənadasa «bir az da gözlə» deyir. Mən də gözləyirəm. Çünki gözlədiyim özü deyir gözlə. Bu da o deməkdir ki, o var. Yəni sən varsan. Mən də həmin o var olanı, varlığım olanı gözləyirəm. Təbii ki, həyat bir andır. Amma bir də təbii ki, həyat davam edir. Mən o bir anın içində də gözləyirəm, davam edən həyatda da. İçimdəki ümid bir az da gözlə deyir, qarşımdakı sən də bir az gözlə deyirsən. Bu qoşalaşan bir azların içərisində bir az da mən özüm-özümə döz deyirəm. Və:

 

Kirpiklərim düyüm düşüb, amma ki,

Gözlərimin çuxurunda bürküdü…

Söyləyəndə, dil-dodağım, yanma ki,

Bu ağrılı bir havadı – türküdü…

 

Sinəm boyu sıralanıb cığır, iz

Addım başı qarşıma da çıxır iz!

Nə ləpirə, nə çəhlimə sığır iz –

Bəlkə bu da Allahın bir görküdü?!

 

Boğulsa da dərd yuvamda körpə qəm,

Bil ki, sənin ümidinə körpünəm!

Onu görə belə çılğın görükürəm –

Yolumdakı gizli səddi, hörgüdü…

 

Danışmıram daha tabdan, dözümdən –

Dünya keçib ürəyimdən, gözümdən!

Sən varsansa razıyam mən özümdən –

Çiynimdəki Allahın bəxt kürküdü!

 

Bəli, yaşanan həyatın ürək və ağıl süzgəci məni elə bu cür, yəni bugünə qədər yaşqadığım tərzdə yaşatmağa davam etdirir. Mən dünən də, bu gün də, əgər yaşasam sabah da, elə beləcə ağlımın və ürəyimin məni köklədiyi hava ilə yaşayacam. Düşünürəm ki, itirdiklərim də, itirə biləcəklərim də bir bəxt işidi. Əsas odur ki, bu ürəkdə, bu ağılda sən varsan və bir də əsas odur ki, mən Allahın verdiyi sevgi ilə səni onun mərtəbəsinə qədər sevirəm.