Xəyalə Sevil : - Keçib getdi, nə fərqi,

Keçib getdi, nə fərqi,
Yaxşı da olsa, pis də.
O bir ayrı hissdəydi,
Mən də bir ayrı hissdə.
Ad da tapa bilmədim
Ürəyimin köçünə.
Qalsam, nə olacaqdı?
Olası deyil heç nə.
Bu gün yenə dilimdən
Adı, ah, necə düşdü!
Axşamın şər vaxtına
İçimdən gecə düşdü.
Ondan başqa çarəm yox,
Nə ondan başqa dərdim...
Eh, nə bilim, bəlkə də,
Çağırsaydı, gələrdim.