Firidun Agazadə - At muraddır və ya tarix döyüşdə, savaşda yaranır...
2026-cı il Şərq təqviminə görə "Alovlu Qırmızı At İli" olacaq. İllər əvvəl paylaşdığım bu statusu xatırladım.
Avropanın bir neçə paytaxt şəhərində olmuşam. Çox möhtəşəm atlı heykəlləri gördüm... İmperatorlara, sərkərdələrə, cəngavərlərə, fatehlərə, qəhrəmanlara ucaldılmış əzəmətli abidələr... Yadıma düşdü ki, bizdə belə möhtəşəm atlı heykəlləri yoxdur... Nədən? Bir-iki cəhd etsələr də, çox mağmın heykəl alındı... Alınmadı, əslində... (Koroğlunun heykəli). ...1988-ci ildə Meydanda eşitdiyimiz bir fikir də bu idi: “Atı ilk dəfə türklər əhliləşdirib, şalvarı ilk dəfə türklər icad edib!..” (Tribunadan deyirdilər)... ...Hanı bizim cilov gəmirən at heykəlləri – üstündə qəhrəmanlarımız?.. Yoxsa heç döyüşməmişik?.. Tarix döyüşdə, savaşda yaranır, deyirlər......2018-ci ildə Türkiyədə (Boluda) Koroğlunun at üstündə 70 metr hündürlüyündə heykəli ucaldılıb, şəkillərdən göründüyü kimi, at heykəli çox dinamikdir, cilov gəmirir... Olsun! Burda Koroğlu daha çox Orta Asiyalıya oxşayır... Heykəltəraşlar qazaxdır... ...Çingiz xanın heykəli (Monqolustan) dünyada ən böyük (postamenti ilə birlikdə 50 m) süvari heykəlidir. ...Britaniya alimlərinin fikrinə görə, atın insan tərəfindən əhilləşdirilməsi ilk olaraq 6 min il bundan əvvəl müasir Ukrayna, cənub-qərbi Rusiya və qərbi Qazaxıstanın (Türklər!) yerləşdiyi ərazilərdə baş verib... ...Türkmənistan prezidenti Qurbanqulı Berdımuxammedov özünə 21 metr hündürlüyündə, qızıl suyuna çəkilmiş heykəl ucaldıb... Sağlığında, at üstündə. .. Lap I Pyotrun Sankt Peterburqdakı bürünc atlı heykəlinə bənzəyir... ...Manas atlı heykəlləri......Deyirlər, Babəkin də heykəli hazırlanır... Əgər istədiyimiz əzəmət olmasa?.. ...İndi dünya şəhərlərində monumental süvari heykəlləri ucalır (atı TÜRKLƏR əhliləşdirmişdi?), bizdə isə... alınmır...
... İndi hamımız Amerikanın cins şalvarını geyirik (şalvarı TÜRKLƏR icad etmişdi?..). Qılıncımızın səsi gəlmir... Bəlkə əlimizdən İş gəlmir?...