FİDAN ABDURAHMANOVA : - ARTIQ UŞAQ

YAZARLAR 08:51 / 12.02.2024 Baxış sayı: 2182

 

(zəlzələdən əziyyət çəkmiş bütün uşaqlara)

 

Bərəlmiş gözləri boşluğa döğru zillənmişdi. Qara sıx kirpiklərini tez-tez qırparaq baxışlarını aydınlatmağa çalışırdı. Çətinliklə əlinin baş barmağını üzünə tərəf aparıb gözünün dibinə yığılmış daş qırıntılarını təmizlədi. Təəssüf ki, heç bir fayda vermədi. Artıq 24 saat idi ki, gözləri bu işıqlı dünya ilə əlaqəsini kəsmişdi. O, əli ilə əşyaları yoxlayaraq, evini, ailəsini tapmağa çalışırdı. Dirsəklərini yerdən azca qaldırmaq istəsə də hərəkət edə bilmədi. Yaxınlıqdan qonşunun telefonunun musiqisi gələn səs tərəfə getmək istədi. Ağlına onlarla sual gəldi. Qonşunun telefonu onun yanında necə ola bilərdi? Fikirləşdi ki, yəqin yuxu görür. Gözünü açıb özünün yuxuda olmadığını görə bilmədiyindən sakitcə uzandı. Vaxtilə yuxarıda yerləşən əşyalar indi yerdə yanında idi. O uzanmış vəziyyətdə sürünərək əşyaları müəyyən edib zəlzələnin gücünü anladı. Gənc yaşlarında qəza nəticəsində valideynlərini itirən, Türkiyənin TV8 kanalının rəhbəri Acun Ilacılının psixoloqla söhbətini xatırladı. Psixoloq ondan uşaqlığının xatırlaya bildiyi ilk xatirəsini soruşmuşdu. Canlandırdığın hadisə sənin həyat cizgindir – demişdi. Elə bu an gözü ilə görmüş olduğu hər şeyi xatırlamağa çalışdı. Atası onları atıb gedəndə cəmi 3 yaşı vardı. Bu evi də dava – dalaşla bölüblər. Atası onlara ev düşməsin deyə hətta oğlundan imtina da etmişdi. Bu hadisə binanın uçmasından da ağır idi. Yəqin ki, ilk dəfə onda yıxılmışdı...

Həyətdən insanların və texnikanın səsi gəlirdi. Kim sağdırsa səsimizə səs versin – deyə qışqırırdılar. Sevincək yerindən dik atıldı. İndi isə anasının telefon səsi gəlirdi. Anasının telefonu sonuncu dəfə yataq otagında qalmıdı. Yadına düşdü ki, zəlzələ vaxtı yataq otağının qapısına tərəf qaçmışdı. Deməli, telefon hardasa buralarda idi. Sürünə-sürünə dağılmış əşyaların arası ilə telefonu axtarmağa başladı. Fikirləşdi ki, telefonu tapıb, köməyə təcili yardımı çağırsın. Telefonu açıb anası ilə qarda çəkdirdiyi son şəkillərə baxmaq istədi, heyif ki, gözləri görmürdü. Anası üçün darıxdı... Anasından heç xəbəri yox idi...

Telefon açılan kimi 6A sinfinin votsap qrupundakı ismarıclar səsləndi. Harada olduğunu unudub uşaqların, müəllimlərin səslərini dinlədi. Sinif rəhbərinin məlhəm səsi canını isitdi. Anamın yeri məlum, qrupda qızgın söhbət gedirdi – deyə, gülümsədi. Hər kəs öz uşağını tərifləyirdi. Hətta araya salıb uşağının atasının vəzifəsindən də söz açırdılar. Valideynlər sinifdə uşaqlar arasında olan bütün söhbətləri danışaraq, kinayə ilə məni söz gəzdirən, çapar adlandırırdılar. Onlar polis, vəkil, istintaq müfəttişi şəklində sanki, ağır cinayətə aid iş çözürdülər. Futbolda uduzan da, dərsdə partadan yıxılan da, yoxlama yazılarda səhvi çox çıxan da məni günahlandırıb. Ən böyük günahım isə atasızlığım oldu. Yaxşı olsaydılar atası yanlarında olardı. Kim bilir bəlkə heç atası deyil, bicdi bu uşaq? Qərəzli suallar öz növbəsini təkliflərə verirdi: sinifdən çıxarılsın! Biz istəmirik uşağımız belə ailənin üzvü ilə birlikdə oxusun! Sinif rəhbərinin onu əlaçı adlandırmsı söhbəti yenidən alovlandırdı. Özünə söz verdi ki, dağıntılar altından çıxan kimi, sinfi dəyişəcək, onlardan uzaqlaşacaq. Telefonu əlindən atıb, qollarını çıxılmaz yolları kimi sinəsinə tərəf çarpazlaşdırıb yerə uzandı. Nə dizlərinin ağrısını, nə də soyuğu hiss etdi. Indicə ağlına gələn fikir onu çuğladı: bəlkə heç xilas olunmasa yaxşıdı? O, nəinki sinifdə, həyatda da özünü artıq uşaq kimi hiss etdi. Gözündən axan yaş burnunun üzəri ilə digər gözünə tökülürdü. Sağ qolunu üzərində uzandığı üçün sol gözündən axan yaşlar sağ gözünü təmiz yumuşdu. Gözündən tökülən qum, çınqıl yanaqlarına dolmuşdu. Şirin yuxudan onu xilas edicilər oyatdı. Gözünün birinə uzaqdan zəif işıq görünürdü. Xilasedicilər 10 yaşlı uşağın donmuş baxışlarından anladı ki, gözləri görmür və bu səbəbdən onlara kömək edə bilməyəcək. Onlar müxtəlif alətlərlə maeələri aradan qaldırmağa çalışırdılar. Nəhayət 36 saatdan sonra 10 yaşlı uşağı dualarla xilas edə bildilər. Həyətə toplanan insanların sevincini görəndə sağ qaldığı üçün Allaha şükürlər etdi. O, bəlkə də, həmin sinif üçün artıq idi, amma cəmiyyət üçün  artıq uşaq deyildi. 

                                              

FİDAN ABDURAHMANOVA

filologiya üzrə fəlsəfə doktoru, dosent