Kəmaləddin Qədim - TANRI YAXASINDAN ƏLİ ÇIXANIN..

Ədəbiyyat 10:14 / 25.10.2026 Baxış sayı: 565

.

Yerinə bir qara daş ola keşkə,

Dünyaya sağ gəlib, ölü çıxanın.

Nədi aqibəti, nədi ki, eşqə

ağıllı girənin, dəli çıxanın?..

Göylərdən gələnə butam deyilir,

Başqadı bu ləzzət, bu tam, deyilir.

Adına bir ömür adam deyilir

sonunda qansoran zəli çıxanın...

Yaşayır dövləti, sərvəti sanı,

Götürür hər yanı şöhrəti, şanı.

Özündən güclünün uğrunda canı,

gücsüzün üstündə dili çıxanın...

Bir az da uzatsam bəhsi çıxacaq,

Kim kimin nəsinin nəsi çıxacaq...

Canım, ha gözlə ki səsi çıxacaq

elə ayaqüstə ili çıxanın...

Gedən gedir, yolu, üsulu qalır,

Boynunda günahı, qüsulu qalır.

Adam yaxasından asılı qalır

Tanrı yaxasından əli çıxanın...