Əlizadə Nuri - İşıq kimi...

Ədəbiyyat 12:27 / 25.10.2026 Baxış sayı: 445

 

Yol da yolda yoruldu-

Sənə çata bilmədim.

Kim qarğış etmişdi ki,

Bu yollar axsaq olsun?

 

Səni xatırlamağa,

Nə yaxşı bu ağac var.

Sağ olsun,

Görüm min budaq olsun!

 

O yandan payız gəlir,

O payıza qoşul, gəl.

Sən bir az yaxın gəl ki-

Dərd məndən uzaq olsun.

Yaman bərkdi bu axşam

Saçından bir tel ayır,

At axşamın üstünə-

Axşam da yumşaq olsun.

Gəl, yar bu qaranlığı,

Sən bir işıq kimi gəl.

Səhər öpsün üzündən-

Qoy, səhər də ağ olsun!