Fazil SƏNA N : - CƏLƏ

Hekayə
Qapıda ağacın kölgəsində qoyulmuş stolun arxasında əyləşmiş Tahirə arvada yaxınlaşan Günəş «Məni çağırırdın, ana?» – dedi.
– Hə, qızım, səni çağırırdım. Aşağı otur, sözüm var.
Anasının qarşısında əyləşən Günəş – «Qonağın var, qapı-bacanı təmizləmək lazımdır?», – deyə təbəssümlə anasına baxdı.
Qarşısında əyləşmiş qızını yeni görürmüş kimi, ah çəkərək, öz-özünə danışırmış kimi «Dünyada ana olmaqdan pis şey yoxdur» – dedi.
– Nolub, ana? Niyə gileylənirsən? Allaha şükür, oğlun-qızın, nəvələrin, pis də dolanmırıq. Nədən narazısan? De, bəlkə qızın Günəş sənin dərdinə bir dərman tapdı.
– Eh, ay qızım, mənim dərdim elə dərddi ki, ona çətin dərman tapıla.
– Ana, fikir eləmə, qızın Günəş ölməyib ki. Sənin dərdinin dərmanı qaranlıq dünyada devlərin əlində olsa belə, Məlikməmməd kimi devlərlə vuruşub Zümrüd quşunun köməyi ilə sənə çatdıraram. Amma bir şərtlə ki, sən dərdini de, dərmanı tapmaq qızın Günəşin boynuna.
– Çox inamla danışırsan, qızım.
– Ana, sən qızını yaxşı tanımırsan.
– Qızım, qaranlıq dünyaya getməyə ehtiyac yoxdur. Mənim dərdimin dərmanı bu dünyadadır.
– Lap yaxşı, ana. – Günəş durub anasının boynunu qucaqlayıb üzündən öpüb saçını sığallayaraq yanında əyləşdi və – hə, indi dərdini söylə görüm, ana. O necə dərddi ki, mənim anama ah çəkdirir? – söylədi.
Tahirə arvad qızının üzündən öpərək – «Mənim dərdimin dərmanı sənin əlindədir, qızım.» – dedi.
– Ana, bəs niyə demirsən? Canım lazımdırsa, heç fikirləşmədən sənə qurban verməyə hazıram.
– Qızım, məni fikrimdən çox uzaqlaşdırdın. İndiyə kimi ana-bala aramızda pərdə olub. Amma indi məcburam açıq danışam.
– Danış, ana, qurban olum, danış. Ananın dərdini qızı bilməyəndə, bəs kim bilməlidir? – deyən Günəş maraqla baxışlarını anasının ağzına dikdi.
– A bala, o biri qardaş-bacıların ailə-uşaq sahibidirlər. Pis də dolanmırlar. Uşaqlarımın gözü sənsən. Allaha şükür, boy-buxun, gözəllik, ağıl, düşüncə səndə. Heç fikirləşirsən, sənin yaşıdların hamısı çoxdan köçüblər, ev-eşik, uşaq sahibi olublar. Bir belə gələn elçilərin birinə «hə» demirsən. Gizlətmə qızım, istədiyin varsa, utanma, de, anan da bilsin. Axı mən anayam, uşaqlarımı xoşbəxt görmək istəyirəm. Qonşuların «Günəşi istəyən yoxdur?», «Günəş nə yaxşı getmir?» və s. suallarına cavab verməyə utanıram. And içirəm ki, elə yerlərdən elçi gəlirlər ki, eşidəndə adamın inanmağı gəlmir. Ayrı evi-eşiyi, vəzifəsi, altının maşını olan neçə-neçə oğlanlar elçi düşüb, amma qız getmir. O günü qonşu Əsmər, o qoca kaftar bilirsən üzümə nə desə yaxşıdır?
– Nə deyir, ana?
– Deyir ki, Tahirə, xətrinə dəyməsin, sayılıb-seçilən yerlərdən elçilər gəlir, amma qız getmir. O gözəllikdə qız niyə ərə getməsin? Elçi gələn oğlanlara it dəyib, birini bəyənə bilmir? Arvadlığımla Günəşə mənim tamahım düşür. Əgər o gözəllikdə qız bir belə gələn elçilərdən birinə «hə» demirsə, demək torbada pişik var. Görünür qızın dəhnəni suya verib. Kaftarın sözü ortamdan güllə kimi keçdi. Dedim «Əsmər, o nə sözdü danışırsan, utanmırsan? Neçə ildir qonşuyuq, indiyə kimi Günəşin hansı pis hərəkətini görmüsən ki, mənim qızım haqqında axmaq şeylər düşünürsən?» Nə desə yaxşıdı?
– Nə dedi ana? – Günəş anasının əsəblərini sakitləşdirmək üçün təbəssümlə anasına baxdı.
– Dedi ki, bunu mən demirəm, Tahirə, qızının hərəkətləri deyir. Boylu-buxunlu, gözəl-göyçək, ağıllı bir qız gələn elçilərin birinə «hə» demirsə, demək qız işləri korlayıb. Qorxur ki, razılaşsa, sonra da toy gecəsi biabırçı vəziyyətdə ata evinə qaytarıla. Elə bir biabırçılıqdansa, qız adı ilə evdə qarımaq daha yaxşı deyilmi? Mən olanını dedim, Tahirə. Bir ana kimi get papağını qoy qabağına, yaxşı-yaxşı fikirləş, gör bu qoca Əsma düz deyir, yoxsa yalan.
Hə, bala, bizi dost-düşmənin ağzına söz eləmə. İstəsən də, istəməsən də, qızım, çoxları sənin haqqında Əsmər kimi fikirləşəcək.
– Ana, arxayın ola bilərsən, sənin qızının əlinə bir oğlan əli də dəyməyib. Düz deyirsən, mənim yaşıdlarımın çoxu ər evinə köçüb, mənsə hələ taleyimə çıxası «Ağ atlı oğlan»ı gözləyirəm. Ana, məni oğlanın var-dövləti, əsli-nəcabəti, vəzifəsi, maşını, evi maraqlandırmır. Mənə elçi gələn oğlanlar evlənmək, arvad-uşaq sahibi olmaq xatirinə gəlirlər. Ana, mən sevmədən, sevilmədən ailə qura bilmərəm. Ərə getmək xatirinə gedib, bir-iki ildən sonra yanımda uşaq ata evinə qayıdıb anama əlavə dərd ola bilmərəm.
Əsmər kimi arvadlar nə düşünür düşünsün, onların öz işləridir. Mən o oğlanla ailə quracağam ki, oğlan hara baxsa, ancaq məni görsün, məni düşünsün, məni göydən enmiş mələk hesab etsin və qəlbimə, ruhuma hakim olsun. Oğlandan ayrı keçən hər dəqiqəm bir ilə bərabər olsun.
Ana, bu söylədiklərimin adı sevgidir. O hiss, duyğu ilahi tərəfindən göndərilir. Heç özün də bilmədən görürsən ki, onsuz darıxırsan, dinclik tapa bilmirsən. Ona qovuşmaq üçün hər şeydən keçməyə belə hazırsan.
– Nə deyim, qızım. Sən elə danışdın ki, daha sənə deməyə sözüm olmadı. Təki, Allah o sevgi dediyin "bəla"nı sənə tez göndərsin, mən də ana kimi dünyadan rahat köçüm.
– Arxayın ol, ana, gözləmədiyin halda bir də gördün qızın həmin bəlaya tuş gəlməyi ilə anasının da dərdinə dərman tapdı. – deyən Günəş anasının üzündən öpüb saçını sığalladı.
– Nə deyim, a bala. Allah hansı xeyirdi, ona calasın. Ananın ən böyük arzusu övladını xoşbəxt görməkdir.
***
Anası ilə söhbətdən sonra Günəş istər-istəməz evlənmək barədə düşünməli olurdu. Tanıdığı oğlanları yaddaşının köməyi ilə gözü önünə gətirsə də, heç biri könlünə yatmırdı. Birdən, yaxınlarda keçirilən tədbir zamanı rəfiqəsi Solmazın onu «Günəş, tanış ol, bu Emin Etibardır. Gözəl qələmi var» dediyi zaman «Biz tanışıq» deyə Günəşin cavab verməsini eşidən Emin Etibar çəkinə-çəkinə, – «Bağışlayın, mən sizi tanıya bilmədim», – deyərək qarşısında dayanmış uzun boylu, kəsik qara saçlı, yumru ağ sifətli qızı nəzərdən keçirməyə başladı.
Bir neçə il bundan əvvəl feysbuqda bir şeir paylaşmışdım. Sizin şeirə yazdığınız rəy çox xoşuma gəldi. Dostluq atdım, qəbul etdiniz. Düzdü, əlaqəmiz olmasa da, həmişə sizi yaxından görməyi arzulamışam. Etiraf edim ki, bu tanışlıq üçün Solmaz xanıma minnətdaram, deyən Günəş nazik ağ əlini Emin tərəfə uzatdı.
Qızın əlini sıxan Emin, – «Sizin kimi gözəl şair bir qızla tanış olmaq məni çox məmnun etdi», – deyərək minnətdarlığını bildirdi.
Təsadüfən Solmaz xanımın Eminlə Günəşi başqa yoldaşlarla birgə bir masa arxasında əyləşdirməsi Eminin ürəyincə oldu.
Məclis boyu Günəş Eminin baxışlarını öz üzərində hiss edirdi. İlk baxışdan çoxdan görmək arzusunda olduğu bir adamın diqqətini cəlb etdiyi üçün içində öz gözəlliyi ilə öyünür və kinayəli şəkildə, – «Deyəsən gözəl olmağım ağlını başından aldı. Fikir verirəm, gözünü məndən çəkə bilmirsən. Sənin kimi çox oğlanlar qarmaq atsalar da, qarmaqlarını boş görüb kor-peşman qayıdıblar. Emin, sizin də o biri oğlanlar kimi qarmağınız boş qalacaq. Papağını havayı yerə günə yandırma.» – fikri ancaq özünə məlum idi. Düzdü, sonralar bir neçə tədbirdə qarşılaşsalar da Eminin ona qarşı göstərdiyi diqqət və qayğıya etinasız yanaşmışdır. Bunları yenidən xatırlayan Günəş, «Düzdü, yaxşı oğlandı. Tanıyan yoldaşlar da onun haqqında hörmət və ehtiramla danışsalar da məndə ona qarşı elə bir hiss yoxdur. Heç özüm də bilmirəm, bunu nə üçün xatırladım?» – düşüncələri ilə paltarını dəyişib qapıdan çıxdı. Avtobusdan düşüb parka doğru addımladı. Saata baxdı. Vaxta hələ xeyli var idi. Kölgədə qoyulmuş boş skamyada yenicə əyləşmişdi ki, qarşısında bir qaraçı qızının dayandığını gördü. Qaraçı qızını başından eləmək üçün əl çantasını açıb əlinə keçən bir neçə qəpiyi qaraçının ona tərəf uzadılmış ovcuna tökdü. Bu zaman qaraçı qızının ona zillənmiş qaragiləyə bənzər baxışları ilə qarşılaşdı.
Qaraçı qızı ovcundakı qəpiklərin dəyərini sürətli bir baxışla nəzərdən keçirib, «Sən yaxşı qızsan. Əlini ver falına baxım», dedi.
– Yox, lazım deyil. Yalandan əzbərlənmiş sözləri deyəcəksən. Hamısı da boş sözlərdi.
– Mən yalan söz demirəm. Səndən xoşum gəldi, çox gözəlsən. Elçin çox olsa da bəyənib ailə qurmamısan. Pul lazım deyil, əlini ver, taleyini üzünə oxuyum. – deyən qaraçı qızının onun taleyi barədə söylədiyi iki cümlənin düz çıxması marağına səbəb olduğu üçün özündən asılı olmayaraq əlini qaraçı qızının ona tərəf uzadılmış ovcuna qoydu. Diqqətini toplayaraq daxili bir həyəcanla nə söyləyəcəyini dinləməyə hazırlaşdı.
Qaraçı qızı ovcunda Günəşin ağ yumşaq əlinin içindəki xətləri sığallaya-sığallaya nəzərdən keçirərək sözləri aramla bir-bir sapa düzməyə başladı:
– Xanım, sizin yaşıdınız olan qızların çoxu ailə qurub, amma siz hələ də subaysınız. Varlı, pullu, vəzifəli çox oğlanlar sizə elçi düşsələr də, siz razı olmamısınız. Qonşuluğunuzda yaşayan qoca bir arvad sizin haqqınızda, ərə getməməyiniz barədə ananıza söylədiyi axmaq fikirlər ananızı bərk narahat edib. Bu haqda ananızın sizinlə olan söhbətində «Kim nə söyləyirsə, öz işidi. Mən sevmədən, sevilmədən ərə gedən deyiləm» cavabınızla qəti qərarınızı bildirməyiniz qarşısında ananız məcbur olub sizinlə razılaşıb.
– Bir dayan görüm, qız, sən məni hardan tanıyırsan? – deyən Günəş gözlənilmədən qaraçı qızının sözünü kəsdi.
– Mən sizi tanımıram. Birinci dəfədir sizi görürəm. Mən hər adamın falına baxmıram. Ancaq xoşuma gələn adamların falına baxıram. Siz çox gözəl olduğunuz üçün xoşuma gəldiniz. – deyən qaraçı qızı Günəşin ovucunun içərisindəki xətləri sığallaya-sığallaya davam etdi.
– Xanım, taleyinizdə bir oğlan var. Çox yaxşı oğlandır. Yaxınlarda tanış olmusunuz. İlk tanış olduğunuz andan oğlan sizə vurulubdur. Siz bunu hiss edirsiniz, amma etinasız yanaşırsınız. Yaxın günlərdə həmin oğlanın cələsinə düşəcəksiniz.
– Dayan bir, nə dedin, başa düşmədim.
– Cələ sözünü deyirsiniz? – Qaraçı qızı oynaq qaragiləyə bənzər gözlərini Günəşin təəccüb və sevincli qonur gözlərinə zillədi.
– Hə. O cələ nə deməkdir?
– Xanım, ovçular yaxşı, xoşa gələn quşları tutmaq üçün quşun yuvasının ağzında möhkəm ipək sapdan kiçicik tora bənzər bir şey qururlar. Quş yuvasına qayıdanda, yaxud yuvasından çıxanda həmin tora düşür. Həmin tora cələ deyirlər.
– Hə, belə de. Belə yerdə deyiblər ki, qulaq gündə bir söz eşitməsə kar olar. Günəş təbəssümlə qaraçı qızını süzdü.
– Xanım, sən yaxın vaxtlarda həmin oğlanın cələsinə düşəcəksən və «xilas» ola bilməyəcəksən. Çünki o sizi bütün varlığı ilə sevir. Siz də onu elə sevəcəksiniz. Eşidib bilənlər sizin sevginizə həsəd aparacaq.
Günəş çantasını açıb bir onluq çıxardıb qaraçı qızına uzatdı və dedi:
– Mən fala-zada inanan deyiləm, amma siz elə danışdınız ki, mən sizə inanmaya bilmədim. Siz hətta, mənim ürəyimdə hamıdan gizli olanlardan da xəbər verdiniz.
– Sağ olun, xanım. Əvvəlcədən dedim ki, mənim xoşuma gəldiyiniz üçün sizin falınıza baxacam, özü də pulsuz.
– Mən ilk dəfədir ki, qaraçının puldan imtina elədiyini görürəm. Götür, bu onluq sənə halaldır. Sən əməlli-başlı ekstrasenssən. – deyən Günəş əlindəki onluğu qaraçı qızının ovcuna qoydu.
– Çox sağ olun, xanım. Sizi ürəyinizcə olan bir xoşbəxtlik gözləyir. – deyən qaraçı qızı yavaş-yavaş uzaqlaşdı.
Günəş skamyada bir xeyli qaraçı qızının söylədiyi fikirlərin təsiri altında qeyri-ixtiyari düşünməyə başladı. Birdən qolundakı saata baxdı. Kursun başlanmasına lap az qalmışdı. Cəld skamyadan qalxaraq tələsik yola düzəldi.
Kompüter kursunu bitirməsi haqqında sertifikatın şəklini çəkib sosial şəbəkədə paylaşım edən Günəşin məqsədi Eminin necə reaksiya verməsi idi. Qaraçı qızının sözündən sonra istər-istəməz Emin barədə düşünən Günəş unudulmadığını bilmək istəyirdi.
Bir az keçmiş Eminin ürək dolusu təbriklərini oxuyan Günəş zəng etdi.
– Salam Emin. Xoş sözləriniz üçün sağ olun. Görünür məni unutmamısınız.
– Salam Günəş. Kursu bitirməyiniz münasibəti ilə sizi bir daha təbrik edirəm. Sizin kimi gözəli heç unutmaq olarmı?
– Yaxşı, az tərifləyin. Elə danışırsınız ki, elə bil məndən başqa gözəl qız yoxdu.
– Var, amma Günəş kimi gözəl yoxdu. Mənim gözümlə baxsan, Günəş heç kimə bənzəməyən bir gözəldi. Uca boy, qara saçların çiyinlərinə tökülməsi, yumru ağ sifət, qonur gözlər, sivri burun, al yanaqlar, təbəssüm əksik olmayan nazik dodaqlar, mənalı baxışlar, təmkinli davranış, az danışan, utancaq, danışanda həyadan yanaqlarına qızartı çökən elə bir gözəl varmı? Elə gözəl var. Bir nəfərdi, o da Günəşdir.
– Yaxşı, yaxşı, məni lap utandırırsınız.
– Mən olanını söylədim.
– Zəng etməkdə sizdən bir xahişim var.
– Buyurun.
– Bir sənəd var, onu doldurmaq lazımdır. İmkanınız varsa, səhər gələrdiniz, sənədin düzgün doldurulmasında mənə kömək edərdiniz.
– Gələrəm.
– Onda, səhər saat on birdə sizi Mərkəzi Kitabxananın qarşısında gözləyəcəyəm.
– Oldu. Həmin vaxtda orda görüşərik.
– Hələlik, sağ olun.
– Siz də sağ olun, – deyən Emin telefonu öpərək stolun üstünə qoyub səhərki görüş barədə düşünməyə başladı.
Marşrutdan düşən Günəş hiss etdi ki, ürək döyüntüsü artır, bədənini tər basır, ayaqlarını hara atdığının fərqini dərk edə bilmir. Yolun kənarında məhəccərə söykənib dayandı və dərindən nəfəs aldı. «Bu nədi? Mən niyə belə oluram? Özüm özümdən baş aça bilmirəm», – özünə toxtaqlıq verən Günəş yavaş-yavaş vədələşdikləri yerə çatmışdı ki, gözlənilmədən Emini qarşısında gördü və görüşmək üçün titrəyən əlini Eminə tərəf uzatdı.
Qızın titrəyən əlini ovcunda saxlayan Emin gözlənilmədən Günəşi özünə tərəf çəkib pörtmüş yanağından öpərək, «Bir daha səni təbrik edirəm», – dedi.
– Günəş incimiş halda, «Nə iş görürsünüz, görən olar». – dedi.
– Görsünlər də, bəs təbrik necə olur? – Emin güldü və qızın üzünə çökmüş həya qızartısını görcək, belə bir qızla qarşılaşdığı üçün içində qürurlandı.
Yaxşı, bir şey xahiş edim, – Emin baxışlarını ondan yayındıraraq yerə baxan Günəşə dedi.
– Yoxsa bəs eləmədi? İndi könlünüzdən nə keçir? Utanmayın, nə istəyiniz varsa, söyləyin, ürəyinizdə qalmasın. Bir də belə imkan əlinizə düşməyəcək, – deyən Günəş kinayəli şəkildə incikliyini bildirdi.
– Heç nə istəmirəm. Xahiş edirəm, düz gözlərimə baxın.
– Bu nəyə lazımdır? Tanıyan, bilən görər.
– Baxışların yadımda qalsın.
Qız özündən asılı olmayaraq uzun qara kipriklərini qaldırıb qonur gözlərini Eminin ona zillənən gözlərinə dikdi. Atəşli baxışdan içinə süzülən anlaşılmaz duyğular getdikcə bütün bədənini sarmağa başladı. Təkrar olmayan xoşbəxt anlarını yaşayan Günəş hardansa qulağına gələn «Bu gün ömrümün ən gözəl, yaddan çıxmayan bir günüdür. Çünki sənin gözlərində öz əksimi görə bildim. Demək sevirsən», sözlərindən özünə gəldi və handan-hana: «Qaraçı qızı düz deyirmiş», – dedi.
– Qaraçı qızı nəyi düz deyirmiş? – deyən Emin maraq qarışıq təəccüblə Günəşə baxdı.
– Cələ, – Günəş təbəssümlə Eminin gözlərinə baxdı.
– Başa düşmədim. Nə cələ? Cələ nədi? – Emin maraqla cavab gözlədi.
– Ovçuların sevdikləri quşlara yuvaları ağzında ipək sapdan qurduqları tor.
İndi mən sənin qurduğun cələyə düşdüm Emin. İndi bildin cələ nə deməkdir? – deyən Günəş qaraçı qızının söylədiklərini Eminə danışmağa başladı.
Emin Günəşin əlindən tutaraq xoşbəxtcəsinə parka doğru addımlamağa başladılar.
30.08.2024