Əşrəf Veysəlli - GECƏYƏ QAR YAĞDI
Yağdı gecələrə qar yığın- yığın,
Torpağın ağappaq nəğməsi yağdı.
Qaynar uşaqlığın, şən cavanlığın
Qartopu oynamaq həvəsi yağdı.
Bir bölük sevinci, bir topa qarı
Budaqlar havada tutub saxladı.
Tullayıb çiynundən qaranlıqları,
Ağaclar saçına ağ lent bağladı.
Hər bağı, bağçanı qucaqladı qış,
Təbiət göründü gümüşü kimi.
Məsum bir körpənin südə bulaşmış
Təbəssümü kimi, gülüşü kimi.
Ağ fərəh geyindi əyninə hər yan,
Qar yağdı quraqlıq qorularınıa.
Qar yağdı,
Qar yağdı
Bizdən nigəran,
Kövrək anaların yuxularına.
Düşdü ortalığa buz sərhədləri,
Meşələr həsrətlə yollara baxdı.
Üç ay sevənlərin görüş vədləri
Qalıb ortalıqda darıxacaqdı…
Yox, yox üfüqlərdən doğacaq səhər,
Qalxacaq yuxudan hər kənd, hər şəhər
Addımlar yolları bəzəyəcəkdir.
Düm ağ kağızlara bənzəyən çöllər
Bir not dəftərinə bənzəyəcəkdir.
1971- ci il.