Elşən Əzim - YAŞAYIR

Ədəbiyyat 11:40 / 05.07.2025 Baxış sayı: 1219

Pərvanələr yanır, ölmür,

Tapınır oda, yaşayır.

Çörəyə möhtac olanlar,

Qəm uda-uda yaşayır.

 

Hərə bəllidir səsində,

Səs ölmür yer kürəsində,

Bir qayanın sinəsində

Min əks-səda yaşayır.

 

Bəsdir, əbəsdir qorxular,

Hamı özündən yıxılar.

Suya söylənən yuxular,

Axdıqca suda yaşayır.

 

Ömür yetir hardan-hara,

Əl yetmir bəhərə- bara.

Ümidlər öləndən sonra,

Adam asudə yaşayır.

04 iyul 2025