Elnur Uğur Abdiyev :-Hardasa...

Gündəm, Ədəbiyyat 17:10 / 22.11.2022 Baxış sayı: 1792

Hardasa soyunub bir ümid indi,

Hardasa qıy səsi göydən atılır.

Hardasa bir oğlan qıza dil tökür,

Hardasa harasa güllə atılır.

 

Hardasa bir evə tabut aparır,

Əsgər yoldaşları çiyinlərində.

Hardasa zaman öz bağın qoparır,

Dayanır bir qara daş üzərində.

 

Hardasa susayıb insan insana,

Hardasa ürküdür danı raketlər.

Hardasa kimçünsə üşüyən canı,

İsidə bilməyir qalın jaketlər.

 

Hardasa soyunub bir ümid indi,

Yorğun yatağından yol çəkir göyə.

O iki adamlıq yataq utanır,

Təkliyin eninə boy vermir deyə.

 

Hardasa bir xırda tıqqıltı olsa,

Qapıya qaçacaq neçə nəfər var.

Hardasa üşüyən pəncərələrdə,

Utancdan şüşələr tərlər,su salar.