Elman Eldaroğlu :- Səksənə nə qaldı ki?..

Yetmiş doqquz ildir ki, yol gedir. Bu müddət ərzində ağrılı günləri də olub, sevincli vaxtları da...
Fəhlə də işləyib, "Azərbaycantelefilm"in direktoru vəzifəsində də çalışıb. Azərbaycan teatr, kino və televiziya rejissoru kimi ad qazanıb, məşhurluğun şirinliyini dadıb. Xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının xalq artisti və Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb...
Deyir ki,- “Yekə oğlan idim, 17-18 yaşım var idi. İstəyirdim ki, müstəqil adam olum, cibimdə pulum olsun, işim rahat olsun. Fəhlə işləyirdim. Gündüz işlədiyimə görə sənədlərimi axşam şöbəsinə verib mədəni-maarif fakültəsinə daxil oldum. Başladım oxumağa, sonra məlum oldu ki, daha doğrusu, institutdan dedilər ki, sən öz sahən üzrə çalışmalısan, gərək sənətinə uyğun ixtisas seçəsən. Belə olan halda, anam məni telestudiyaya- AzTV-yə gətirdi. 1966-cı il idi. Məni orada rejissor köməkçisi kimi işə götürdülər. Fikrət Qaradağlı o vaxt bizim baş rejissorumuz idi. Anam da televiziyaya dəvət olunan aktrisalardan idi və ona çox böyük sayğı, hörmət vardı, beləliklə, onun bir sözünü iki etmədilər, məni işə götürdülər. Mən üç ay gedib-gəldim, maaşsız-filansız işə alışdım. 1967-ci ilin yanvarın 2-də əmrim verildi və sənaye redaksiyasına rejissor köməkçisi vəzifəsinə təyin olundum. Bir müddət orada işləyəndən sonra Fikrət Qaradağlı dedi ki, sən sənətkar ailəsində böyümüsən, gəl, səni sənətlə bağlı olan redaksiyalara təhkim edim və məni incəsənət redaksiyasına göndərdi. O vaxt incəsənət redaksiyasında bizim rəhbərimiz Həbibə Məmmədxanlı və Gəray Fəzli idi. Biri ədəbiyyata baxırdı, biri də drama, teatra, televiziya tamaşalarına. Orada da nəhənglər var idi: rejissorlar Arif Babayev, Rauf Kazımovski, Ağaəli Dadaşov, Kamil Rüstəmbəyov və b.. Və bu peşə ilə məşğul ola-ola istər-istəməz bu sənətə bağlandım.”
Beləliklə o, rejissorluq sənətinin yolçusu oldu və bu gün ölkədə yaxşı tanınan rejissorlardandır. Gənclik illərində arzuladığı kimi, cibində pulu olan, müstəqil adamlardan biridir…
Haqqında söhbət açdığım Mirzəyev Ramiz Həsənağa oğlu 1946-cı ildə İrəvan şəhərində dünyaya gəlib. Anası Azərbaycan milli teatr sənətində bənzərsiz ifa qabiliyyəti olan, əməkdar artist Ətayə Əliyeva, atası isə əməkdar mədəniyyət işçisi Həsənağa Mirzəyev olublar. 1948-ci ildə ermənilərin yenidən azğınlaşmasından sonra İrəvan teatrının kollektivi qonşu Azərbaycana üz tutanda onun 2 yaşı vardı. Bir müddət valideynləri ilə birlikdə Gəncə şəhərində yaşayıblar. Sonra 1956-cı ildə Bakıya köçüblər. Ramiz Mirzəyev 1965-ci ildə orta məktəbi Bakıda bitirib, Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə qəbul olunub. 1966-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi kimi işləməyə başlayıb. 1973-cü ildə müsabiqə yolu ilə qəbul olunduğu Sankt-Peterburq Dövlət Teatrı, Musiqi və Kinematoqrafiya Akademiyasını 1978-ci ildə uğurla başa vurub. O, Hamlet Xanızadənin, Həsən Əblucun, Yaşar Nurinin rol aldıqları "Qatarda" televiziya tamaşasından sonra populyarlıq qazanıb. Onun quruluş verdiyi teletamaşalar sırasında ən uğurlu alınanlardan biri də Hüseyn Cavidin eyniadlı əsəri əsasında ekranlaşdırdığı "Topal Teymur"dur. "Günahsız Abdulla" və ilk Azərbaycan telemüzikli "Ordan-burdan" ona daha geniş şöhrət gətirib. Məşhur, bənzərsiz "Ac həriflər" televiziya tamaşası Ramiz Həsənoğlunun yaradıcılığından qırmızı xətt kimi keçir. Tamaşa "Humay" mükafatına layiq görülüb...
“Mənim çox gözəl bir ideyam var idi. Amma onu şikəst elədilər. Mən düşünürdüm ki, Anarın “Ağ liman”ı, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Macal”, “Dantenin yubileyi” əsasında səviyyəli bir serial çəkim. O, həm bizi o dövrə aparcaqdı, həm də 60-cı illərdən bir az da gələcəkdik bu yana, 70-ci illərə... Amma təəssüf ki, hər şey şikəst edildi…”- söyləyir.
Ramiz Mirzəyev 200-dən artıq müxtəlif səpkili bədii, sənədli, musiqili proqramlara quruluş verib. O, eyni zamanda Musiqili Komediya Teatrında "Məzəli əhvalat" və Milli Akademik Dram Teatrında "Brüsseldən məktublar", "Generalın son əmri" tamaşalarına da quruluş verib. Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi "Ailə" bədii filmi 2000-ci ildə Moskvada keçirilən Avrasiya festivalının baş mükafatına layiq görülüb. 2007-ci ildə Anarın ssenarisi əsasında "Cavid ömrü" bədii, tammetrajlı film çəkib. 1993-cü ildən bu günə kimi Azərbaycan televiziyasında "Sabah" eksperimental yaradıcılıq emalatxanasına rəhbərlik edir. 2019-cu ildən AzTv-də "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin direktoru təyin edilib. Azərbaycan Kinematoqrafçılar Birliyi İdarə Heyətinin və Azərbaycan Kinorejissorlar Gildiyası bürosunun üzvüdür...
Ramiz Mirzəyev haqqında xeyli danışmaq olar, amma çox yox, bir ildən sonra 80 illik yubileyi ərəfəsində daha geniş söhbət etmək ümidilə sizdən ayrılıram…
Bəli, aprelin 13-çü Ramiz müəllimin növbəti ad günüdür, 79 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, ağrı-acısız günlər arzulayıram.
80 yaşında görüşənədək Allaha əmanət olsun!..