Əlizadə Nuri : - Günah da mən, günahkar da...

Ədəbiyyat 14:38 / 12.09.2024 Baxış sayı: 1183

 

Bir sükuta uduzur,

Milyon adamın səsi.

Hara çıxıb getdi ki

O qaraçı nəğməsi?

 

İndi necə gizləyim,

Mən bu boyda hüzünü?

Quşlar qanadlarıyla

Saxlayıb göy üzünü...

 

Haqqın səsi batıbmış,

Yoxsa təkcə kar mənəm?

Mən həm günah imişəm

Həm də günahkar mənəm.

 

Sular çağırır bizi,

Səs gəlir o quyudan.

Daş intihar edirmiş

Atılaraq qayadan...

 

.Başımızı kəsdirdik ki-

Baş əyməyək şahlara.

...Bir qucaq sevinc verin

Paylayım uşaqlara...