Əlisəfa Azayev : - Lənkəran gözəllikləri...

MƏDƏNİYYƏT 13:55 / 11.06.2024 Baxış sayı: 2908

=

 

Lənkərana –  bu gözəlliklər məskəninə səfərim vardı. Çoxdan idi ki, reallaşdıra bilmirdim. 28 May – Respublika Gününün səhəri təsadüfən Yevlaxdan gələn bir minik maşınının sərnişini oldum. Sürücü ilk növbədə məni düşündürsə də, bir o qədər əhəmiyyət vermədim. Üzü saqqallı idi. Deməsinə görə, bu yolu tez-tez gedib-gəlir...

Hacıqabul postunda maşınını saxlayıb, cəriməni nə səbəbə ödəməməsi, ləngitməsi ilə maraqlandılar. O da gileylənə-gileylənə qaldı:

- Niyə belə edirlər axı?! Ləngitsəm də ödəmişəm də...

DYP-i işçilərinin, onların təchiz olunduqları aparatların iş görmə qabiliyyəti və bacarığı alqışa layiq idi. Neçə metrlik məsafədən qanunsuzluq, səhlənkarlıq edəni qaralayır, ortalığa çıxarırdı. Bakıya, mənzil başına çox tez çatdıq. Heç saat yeddi tamam olmamışdı. Səkkizin yarısında Lənkərana gedəcək avtobusa bilet aldım. Səkkiz manata. Mənimlə yanaşı əyləşmiş kişinin səksəndən çox yaşı vardı. Astaraya gedəcək maşını gözləməyib, buraya bilet almışdı.

Kişi əvvəl ona çox qaradinməz adam təsiri bağışladı. Ancaq bir azdan aralarında şirin ünsiyyət yarandı. Rus dili müəllimi işləmiş Hüseyn kişi gülümsər halda dedi:

- Hə, İrana mən də səfər etmişdim. Orada kişmiş arağı çəkirlər, moddadı. Hər adam onu alıb içə bilmir. Özü də onu yerli sakinlər yox, ermənilər hazırlayır.

- Ona görə otuz il susdular da. Ermənilərin ünvanına bir söz demədilər. Dinəndə də deyirlər ki, Dərbəndə kimi torpaqlar bizimdi.

- Hər millətdə belə şovinistlər var da.

- Bəli... Ancaq düz eləmədilər də. Nolardı bir dəfə ermənini qınayanda?...

- İndi bizə qardaş deyirlər.

- Qardaşıq da...

- Bəs pis günlərimizdə niyə əl tutmadılar, köməyə gəlmədilər?

- Farsın öz siyasəti var da...

- Birindən soruşuram: sənin ana dilin? Deyir ki, fars dili. Canım, belə iş olar? Türk ola-ola, ana dilini fars dili hesab edəsən.

- Bu günlərdə lap ifşa olundular.

- Nə səbəbə?

- Prezident məsələsinə görə də...

- Buna inanırsan? Bir də gördün ki, haradansa çıxdı...

- Yox, bu boyda zarafat olmaz. Həlak olub da...

- Vertalyot yerə çırpılıb?

- Nə bilək?! Bəlkə, vurublar?...

Yolda Hacının Yeməkxanası yanında maşını saxladılar. On beş, iyirmi dəqiqə vaxt verdilər. Kimisi dərhal ayaqyolu tərəfə, kimisi kababxana tərəfə tələsdi. "Diri balıq" yazılmış lövhə diqqətini cəlb etdi. Burada, deyəsən, balıq yeməkləri verilirdi.

Qəribə idi, indi ayaqyoluna qədəm qoyanlar pul ödəmirdilər. Birisi dedi:

- Yarışdı da... Bundan yuxarıdakı pulsuz xidmətə başladı. Odur ki bunlar da belə...

Ayaqyolunda güzgü önündə dayanıb, saqqalını darayan cavan oğlana yaxınlaşdı. Maraq güc gəldi. Ondan saqqal darağının necəliyini soruşdu. Adi daraq idi. Plasmasdan hazırlanmış, kiçik ölçüdə xırda dişləri olan. Sualının qeyri-adiliyi oğlanı təəccübləndirən, heyrətləndirən kimi idi. Sakit halda gülümsəyirdi...

Avtobusda onun əyləşdiyi sırada əyləşmişdi. Nişanlısı ilə qoşa. Əlini elə tutmuş, sıxırdı ki, sanki, bir az ehtiyatsızlıq etsəydi, onu itirəcəkdi. Hüseyn kişi isə söhbətinə davam etməkdə idi:

- İranla sərhəd açılmayana kimi ağ balıq yemirdik. Onları murdar balıq adlandırırdılar. Ora gedib gördük, həvəslə yeyirdilər. Biz də beləcə onlardan yeməyə başladıq.

Cibimdəki kiçik həcmli sümük konfetdən arada ona verdim. Soyub ağzına qoya-qoya dedi:

- İran məhsuludu. Camaatı tovlamağı, pul qazanmağın yol-yolağasını bilirlər. Bizim pul çox qüvvətlidir. Onlarınkı, sanki, kağız parçasıdı. Dəyəri çox azdır.

Sonra da konfetin üçün verdi. Kişi ehtiyatsızlıq eləyib, bir-bir onları soyub ağzına atdı. Bir azdan öz-özünə öskürdü, asqırdı, zığılladı:

- Ay səni... Öldürmüşdü ha məni... Onlarda ağıl var?! Xəzər dənizini Mazandaran gölü adlandırırlar...

- ...

- Bir dəfə bir çarşablısı əl çəkmək bilmirdi məndən. Qara bir arvad idi. Guya məni qonaq aparmaq, qayğıma qalmaq istəyir. Əslən Əfqanıstandan idi. Onlarda da qaçqınlar, köçkünlər var da... Etiraz edəndə köpək qızı çimdiklədi ha məni. Hirslənib dedim ki, məni evinə aparmaqda məqsədin nədir?!. Dedi ki, səni yuyunduracağam, üst-başını təmiz edəcəyəm. Heç inanmadım ona...

- ...

- Müsəlman belədi də... Neçə ildi şeytana daş atır, onu öldürə bilmirik...

- ...

- Biri vardı onda... Özbəkistana 1200 metr parça aparırdı. Bahalı İran parçası. Hələ burda onun qiyməti 18 manat, bizdə isə 120 manata verirdilər. Üç mərtəbəli, mərmərli ev tikdirmişdi. Pul xəzəltək yağırdı da. Orta Asiya ölkələrindən İrana qızılı termosda daşıyırdılar. Birinin deməsinə görə, bu müddətdə sərhəddən 40 ton qızıl keçirə bilib...

- ...

- İndi bilirsən də... Rus arağını onlar şüşədə yox, fanta qabına doldurub, sərhəd çəpərinin üstündən tullayırlar ki, yerə düşəndə sınmasın, qırılmasın.

- ...

- Çində küçədə araq içmək olmaz.

- Bax da...

- Hə... Finlandiyada polisə xüsusi iynə-dərman verirlər ki, narkoman yatıb-qalanda, əziyyət çəkəndə ona kömək edə bilsinlər.

O beləcə maraqlı danışırdı. Gözəl həmsöhbət idi. Arada dedi:

- Kül Əlikramın başına. Talış respublikası yaratmaq istəyirdi. Bizimkilərə də Allah kömək olsun. Gərək, bir müddət razılıq verəydilər. Görək bu fanatiklər əhalini nə ilə dolandıracaqdılar?! Meşə ağacı ilə?! Talışların nəyi var ki?!...

- Çox şeyləri...

- Deyirsən də...

- Limon, portağal, kivi...

- Uşaqlar çörək istəyir...

Avtovağzaldan taksi ilə gəlib, Lənkəran şəhər İcra Hakimiyyətində olanda, məlum oldu ki, başçı Taleh Qaraşov məzuniyyətdədir. Gələn ayın əvvəlləri qayıdasıdır işinə. Hətta buna görə qəbul şöbəsinin işçisi təəssüf ifadə edəndə dedi:

- Nə etmək, həyat belədi də...

- Bəlkə, deyim, başqa birisi sizi qəbul eləsin. Uzaq yol gəlmisiniz.

Buna əvvəl razılıq versə də, sonradan dedi:

- Yox, ehtiyac yoxdur. Onsuz da gediləsi yerlərim var.

Oradan üz tutdu Lənkəran şəhər notariat ofisinə. İşə bax, ora da fəaliyyətsizdi. Notariat ofisi, notarius ASAN xidmətdə fəaliyyət göstərir. Ora getməyi, baş çəkməyi isə sonraya saxlayası oldu.

Lənkəran şəhər İcra Hakimiyyəti ilə Lənkəran şəhər Mərkəzi Kitabxanası arasında xeyli məsafə var. Bu yolu piyada hərəkət edəsi oldu. Çoxdan idi ki, bir o qədər piyada hərəkət etmirdi. Həkimlər təkidlə tələb etsələr də... Şəhər gözəl idi. Həzi Aslanovun möhtəşəm heykəli görünürdü. Onun ev muzeyində olmamışdı. Baş çəksəydi, pis olmazdı.

Mərkəzi kitabxananın işçiləri yenə onu tanıdılar:

- Xoş gəlmisiniz, Əlisəfa müəllim.

Mən də bu qarşılanmadan xoşhal halda ilk əvvəl kitabxananın müdiriyyəti ilə görüşmək istədim. Direktor əvəzi Arzuya Rufullayeva yerində idi. Onu səmimiyyətlə qarşılayıb: "Xoş gəlmisiniz, müəllim..." – deyə görüşdü. Sonra da birlikdə kitabxanaçı qızların yanına getdilər. Onlara dedi:

- Tanıyırsız da, hörmətli yazıçımız Əlisəfa Azayevdi.

Qızlar səsləndilər:

- Bəli, xoş gəlib...

- Nə yaxşı...

- Təzə kitab gətiribmi?

Fondda əlliyə yaxın kitablarım vardı. Onlardan xeyli sayda stolun üstə düzəndə, oxunmaqdan üz qabığı xeyli didilmiş, yazılmış "Qanlı gündəlik" kitabı diqqətimi cəlb etdi. Hər ikisi bu vəziyyətdə idi. Hiss olunurdu ki, onları xeyli sayda oxucu oxumuşdur.

Kitabxanadan ayrılandan sonra AYB Lənkəran şəhər bölməsinin rəhbəri Qafar Cəfərlinin sorağında oldum. Ofisində görüşdük də... Hüquqşünas həmkar, maraqlı adam idi. Ədəbiyyata, sənətə aid xeyli söhbətimiz oldu. Bir-birimizə kitablar hədiyyə etdik. İlk tanışlığımız olsa da, bir-birimizdən ayrıla bilmirdik. Təəssüf ki, olduqları otaq çox mərtəbəli binanın yuxarı mərtəbəsində idi. Qafar müəllim təkidlə onu nahara aparmaq istəsə də, boyun qaçırası oldu. Onsuz da otağında pürrəngi çay içmişdi.

Lənkəranın mərkəzindəki kitab mağazasına satış üçün kitablarından verəsi oldu. Müdirinin adı Cavid idi. Limanda olduğundan iş yerinə ləng gəldi. Qiymət məsələsində razılaşdılar. Heç bir çətinlik olmadı. Deyəsən, müəllim həm də orada kollecdə dərs deyirdi.

Bu yerdə böyük şairimiz Nəsiminin məlum beytini xatırladı:

 

Məndə sığar iki cahan,

Mən bu cahana sığmazam.

 

Mərhum şairimiz Rəsul Rza isə demişdir:

Nə ədavət saxlayın,

nə dava-dalaş salın!

İnsanda insan oyadın!

Bir də sevimli yazıçımız Anarın o məşhur aforizmi: "Üç obraz əsas götürülmüşdür – pəncərə, qapı, güzgü... Bəzi adamlar otaqlarında pəncərələri, qapıları güzgülərlə əvəz eləyir, yəni hara baxır özünü görür. Belə adamçün yalnız tək bir özü mövcuddur. Onun üçün nə pəncərədən görünən mənzərə var, nə də ki qapının dalındakı həyat. Ancaq güzgü. Ancaq özü. İkinci qisim adamlar pəncərədən baxır. Pəncərədən həyatı seyr edirlər, seyrçidirlər... Və nəhayət, üçüncü qisim adamlar, onlar qapını açıb həyata, insanların yanına çıxanlardır".

Qulağıma səs gəldi:

- Avtobus hara gedir?

- Ləvəngiyə...

Bu an onun yadına yaxşı bişirilmiş toyuq soyutması düşdü.

Nə səbəbdən Bakıya avtobuslar çıxan avtovağzal belə adlanırdı? Bəlkə, elə burada da dadlı-təamlı ləvəngilər satılır? Bəlkə də... Şəhərdə hələ tam tanış deyildi... Lənkəran gözəllikləri onu məftun etmişdi... Hələ şəhəri gəzəcək, dəniz sahilində oturacaqların birində əyləşəcək... Yosun qoxulu dəniz havası udacaq, həyatın xoşbəxt anlarını yaşayacaqdı...