Ələsgər ƏLİOĞLU : - TALEYİNİN GÖRKÜNDƏN...

Ədəbiyyat 09:09 / 04.09.2025 Baxış sayı: 2138

 

Könül quşum sinəmdən gen uçmayıb,

Şan-şöhrətin arxasınca qaçmayıb...

İllər boyu bir yarpaq da açmayıb,

Bəxt ağacım quruyubmuş kökündən.

 

İndi-indi başlar çıxır balaqdan,

Fikri-zikri böhtan adlı bataqda...

Gecə-gündüz bəslənibmiş bordaqda-

Yağ damırmış yalanların tükündən.

 

Tərif, təltif heç gəlməyib eynimə,

Qəm ölçülüb-biçilibdi əynimə...

Göz yetirin, görərsiniz çiynimə,

Nə iz düşüb bu dünyanın yükündən.

 

Əlioğlu, çox yapışma ürəkdən,

Bəzən əcəl gəlib tapar kürəkdən...

Qaçsan da sən hər hiylədən, kələkdən,

Qaçanmazsan taleyinin görkündən!..

06.12.2024