Eldar İlqaroğlu : - İKİ ŞEİR
Onu kimi
Heç nə məni düşündürmür
Onun qədər, onu kimi
O qəlbimin musiqisi
Dərd-qəm arxa fonu kimi.
Onsuz sanki dünya çökər
Qamətimi həsrət bükər
Şad yaşayım...olmaz məgər?
Mən də beşi-onu kimi...
Yenə tənha bu otaqda
Qulağım səsdə-soraqda
Ən yaxınım ən uzaqda
Sonsuzluğun sonu kimi.
Gəl elə yazaq...
Gəl elə yazaq ki, ləzzət alınsın
Hecadan, qafiyə quruluşundan...
Şövqündən göylərə uçsun misralar,
Kəlmələr məst olsun öz duruşundan.
Gəl elə yazaq ki, ürək qırmayaq
Bu gün varıq, sabah gedə bilərik.
Kim deyir ki, acı olur, inanma
Haqq sözü də şirin edə bilərik.
Gəl elə yazaq ki, oxucumuz da
Üzün turşutmasın, əl yelləməsin.
Çeynənmiş sətirlər, eyni mənalar
Göyün söz qatını zibilləməsin...
Canı da , malı da, istedadı da
Sərf edək yolunda gərək Allahın.
Yazmayaq kiminsə tərifi üçün,
Çalışaq gözünə girək Allahın.