Əbülfət Mədətoğlu : - Sözüm

Ədəbiyyat 10:16 / 31.08.2024 Baxış sayı: 2610

 

Ləçəyi saralan qönçə misaldı

Dilimin ucunda büdrəyən sözüm!..

Bütün varlığımda ağ bir iz saldı -

Sevgindən köksümdə kükrəyən sözüm!..

 

Cəm edə bilmirəm anı bir yerə,

Qanı bir qaşığa - qanı, bir yerə!..

Mən qurban deyirəm canı bir yerə -

Səni, çaşdırmasın titrəyən sözüm!

 

Keçdiyim yollardı - dərə də, düz də

Düzlüyüm qasa da hələ də düzdə!

Məni əyridə yox, sən, ara düzdə -

Axan göz yaşıma "Kür!"-deyən , sözüm!

 

Qapıda, bacada gözlətmədiyim,

Heç kimdən,heç yerdə gizlətmədiyim...

Yalnız varlığını özətlədiyim -

Sözümü ürəklə, gur deyən sözüm!