Əbülfət Mədətoğlu - Mənim öz dünyamdı .
..
Yenə öz dünyamda, öz aləmimdə
Yumaq fikirləri tirmələyirəm...
Gözümün önündən keçən günlərin -
Uzun ətəyini çirmələyirəm...
Əlimdəbir saçın isti tumarı,
Qolumda qolunun izi dincəlir...
Duyub düşündükcə bütün bunları -
Aşkarca ruhum da bir az incəlir...
Üzümə hopduqca səsin işığı
Qəlbin döyüntüsü aşdı sərhəddi...
Mənə elə gəlir həmin məqamda -
Durduğum nöqtədə yeri tərpətdi!..
Mənim öz dünyamdı könül ortağım
Mənim aləmim də həmin Bir Qadın!..
Açın qapısını ürək otağın -
Siz də özünüzə aləm yaradın!
Əbülfət Mədətoğlunun bu şeiri insanın daxili aləminin mənzərəsi, ruhun səmimi etirafıdır.
Şeirin mərkəzində lirik qəhrəmanın özünə qapanması və bu "tənhalıq" daxilində tapdığı böyük sevgi dayanır. Müəllif göstərir ki, insanın ən böyük sığınacağı onun xatirələri və qəlbində yaşatdığı "Bir Qadın" obrazıdır. İdeya ondan ibarətdir ki, hər kəsin özünü xoşbəxt hiss edəcəyi bir mənəvi dünyası olmalıdır. Şeirdə maraqlı metaforalar və obrazlı ifadələr üstünlük təşkil edir:
"Yumaq fikirləri tirmələmək" – fikirlərin qarışıqlığını və onların içində çıxış yolu axtarmağı vizuallaşdırır. "Günlərin uzun ətəyini çirmələmək" – keçmişə qayıtmaq, zamanın dərinliyinə enmək cəhdini orijinal bir şəkildə ifadə edir.
"Səsin işığı" – səs və işıq anlayışlarının sintezi vasitəsilə sevgilinin səsinin lirik qəhrəmana verdiyi aydınlıq, nur vurğulanır.
Şairin "ruhum da bir az incəlir" deməsi, hisslərin artıq sözə sığmadığını, fiziki varlıqdan mənəvi varlığa keçidi simvolizə edir. "Yeri tərpətmək" mübaliğəsi isə daxili həyəcanın və sevginin gücünün nə qədər sarsıdıcı olduğunu göstərir.
Sizə cansağlığı və bütün işlərinizdə uğurlar arzulayıram!
Sevil Azadqızı
07.05.2026