Əlirza HƏSRƏT -  SƏMƏD VURĞUN DEYƏNDƏ

Ədəbiyyat 18:06 / 07.05.2026 Baxış sayı: 623

 

(Dahi şair Səməd Vurğuna ləkə yaxmaq istəyənlər üçün)

 

Yaşın ötüb Səməd Vurğun yaşını,

Nə təhərsən,Səməd Vurğun deyəndə?

Hər budaqda bar olsan da,ay yetim,

Tökülərsən Səməd Vurğun deyəndə.

 

Ağır gəlir yoxsa sənə baş-əyin,

Kimə lazım səndəki nimdaş əyin?!

Bir oyundur qaynamağın,bişməyin,

Quru şərsən Səməd Vurğun deyəndə.

 

Qabağında çoxmu gördün yalını,

Adam etmək olmur gönü qalını.

Çevirsən də bu millətə dalını,

Bükülərsən Səməd Vurğun deyəndə.

 

Uydurduğun hər kəlmə,hər söz çürük,

Gör içindən səni necə sökürük.

Danışsan da sən başından çox böyük,

Kəkələrsən Səməd Vurğun deyəndə.

Eşq taxtıdır dilim Azərbaycana,

Şöhrətimiz düşüb bütün cahana.

Ha atsan da özünü bu meydana,-

Çəkilərsən Səməd Vurğun deyəndə.