İSMAYIL İMANZADƏ - İLLƏR BOYU DAŞLADILAR KÖLGƏMİ...

Ədəbiyyat 11:33 / 08.05.2026 Baxış sayı: 332

 

Görməsəm də incisini, zərini

Dönük bəxtin sərt üzündən halıyam.

Həyat məndən gizlədibsə sirrini,

Necə deyim hər izindən halıyam?

 

Uşaqlıqdan ehtiyacla tanışam,

Cavanlığım yad əllərdə əsirdi.

Qəriblikdən dilim gəlmir danışam,

Yurd həsrətim əhədimi kəsirdi...

 

Ümman səbrim çox dözümlü, mətinmiş

Sızlatmadı nə kəsiri, nə kəmi.

Barlı ağac olmaq demə, çətinmiş

İllərboyu daşladılar kölgəmi...

 

Ehtiyacla mərd-mərdanə savaşdım,

Qaçıb namərd kölgəsində yatmadım.

Haqqın yolun halallıqdan soruşdum,

Səfalətin girdabında batmadım.

 

Aydan-aya, ildən-ilə daşındım,

Həyat eşqim qoydu əlin çiynimə.

Deyərdim ki kəlmə-kəlmə aşındım,

“Söz köynəyim” dar gəlsəydi əynimə...

 

İndi də ... hər anım bir qorxunc hədə,

Batıb qulaqlarım “ah-vay” səsindən.

Boylanıb baxıram yol gedə-gedə,

Ömür qatarımın pəncərəsindən!..

06.05.2023