"Azərbaycançılıq həyatda  təsdiqini  tapmış  gerçəklikdir" -  Tahir  Rzayev, millət  vəkili

SİYASƏT 10:47 / 08.05.2026 Baxış sayı: 329

 

Azərbaycançılıq ideyası xalqın kimliyini, tarixini və mənəvi dəyərlərini bir bütöv kimi qorumaq istəyindən doğan bir düşüncədir. Bu ideya millətin öz köklərinə söykənərək müasir dünyada öz yerini tapmasını hədəfləyir. Azərbaycançılıq yalnız bir ideya deyil, həm də ürəkdə daşınan bir məsuliyyətdir. Azərbaycançılıq fərqli düşüncələri birləşdirib vahid milli ruhun formalaşmasına xidmət edir. Tarix boyu bu düşüncə xalqın çətin anlarında ona dayaq olmuş, yol göstərmişdir. Bugünkü dövrdə Azərbaycançılıq həm milli həmrəylik, həm də mədəni davamlılıq deməkdir. Bu ideya insanı öz torpağına, dilinə və mənəviyyatına daha sıx bağlayan görünməz bir körpü kimi yaşayır.

Millət vəkili  Tahir Rzayev bununla  bağlı  verdiyi  açıqlamasında bildirib ki, Azərbaycançılıq ideologiyasının banisi ulu öndər Heydər Əliyevdir və biz bu günlərdə onun anadan olmasının 103-cü ildönümünü böyük hörmət və ehtiramla yad edirik. Sözsüz ki, bu ideologiya dünya azərbaycanlılarının birliyinə, bu birliyin daha da möhkəmlənməsinə, dilimizin, dinimizin, yaddaşımızın və mədəniyyətimizin yüksəlişinə xidmət edir. Bu, vətəndaş həmrəyliyinin təcəssümüdür: “Ulu Öndər sağlığında dünya azərbaycanlılarının vahid platforma ətrafında birləşməsini zəruri hesab edir, Dünya Azərbaycanlılarının qurultayının çağırılmasını və müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların bir amal ətrafında birləşməsini vacib sayırdı və buna nail oldu. Mənə görə bu gün azərbaycançılıq təkcə ideologiya deyil, həm də elmi bir yanaşmadır. O öyrənilir, təşviq olunur, öz dəyərlərini artırır, yeni məna və əhəmiyyət qazanır və bu, bizim fəaliyyətimizdə real hadisələrdə öz aydın əksini tapır. Keçirilən Dünya Azərbaycanlılarının qurultayında qarşıya qoyulan vəzifələr, cənab İlham Əliyevin fikirləri və düşüncələri bu gün bir örnək kimi qəbul edilir və təbliğ olunur, bunun nəticələri də aydın hiss olunur”.

“44 günlük müharibə dövründə dünyanın müxtəlif ölkələrindən azərbaycanlılar cəbhədə vuruşmaq üçün müraciətlər etdilər, maddi dəstək göstərdilər, Vətən torpağını qorumaq üçün səngərdə ermənilərə qarşı vuruşmağa hazır olduqlarını bildirdilər. Bu, ideologiyanın bariz nümunəsi idi və çətin gündə özünü açıq şəkildə göstərdi. Bu gün dünyada yaşayan azərbaycanlılar Azərbaycanın inkişafını və ölkədə baş verən yenilikləri dünya ictimaiyyətinə çatdırmaqda fəal rol oynayırlar. Bu da gələcəyimiz üçün olduqca vacib və əhəmiyyətlidir. Azərbaycanın beynəlxalq aləmdə tanıdılması, Azərbaycan həqiqətlərinin yayılması və sülhməramlı ideyaların dünya xalqlarına çatdırılması günün tələbidir”-deyə deputat vurğulayıb.

Tahir Rzayev bildirib ki, Azərbaycan bu gün dünyaya açılan bir qapıdır: “Azərbaycan Prezidentinin yürütdüyü sülh siyasəti dünya ölkələri tərəfindən dəstəklənir, təşviq olunur və qiymətləndirilir. Azərbaycançılığın təşviqi də bu baxımdan öz faydasını verir. Çünki bu ideologiya milli maraqlara, ölkənin suverenliyinə, strateji tərəfdaşlığa, dünyada sülhün və əmin-amanlığın bərpasına və möhkəmlənməsinə xidmət edir.

Ulu öndər tərəfindən təməli qoyulan və genişləndirilən azərbaycançılıq ideologiyası bu gün dünyanın əksər ölkələrində özünü göstərir. Azərbaycan demokratik və sivil inkişaf edən bir ölkə kimi tanınır. Azərbaycan Prezidentinin beynəlxalq platformalardakı çıxışları, düşüncə və fikirləri dünya azərbaycanlılarının ürəyindən xəbər verir, onları bir məqsəd uğrunda birləşməyə səfərbər edir. Bu da dövlətimizin inkişafı və xalqımızın xoşbəxtliyi üçün çox əhəmiyyətlidir”.