Əbülfət MƏDƏTOĞLU : - Göz yaşıdı getməyin bir yozumu

YAZARLAR 09:27 / 25.11.2022 Baxış sayı: 2022

Elçin Mirzəbəyli şeirinin dəstəyi ilə...

 

Dünyanın elə bir nöqtəsi yoxdu ki, orda rahatlıq tapıb, dərdi, qəmi unudasan, qayğısız bir ömür sürəsən. Hətta deyilənlərə görə, məzarda da insana rahatlıq gec nəsib olur. Bu da təbii ki, Allahın izni ilə baş verən prosesdi.

Mən istənilən şairin şeir dünyasına üz tutanda öncə onun ruhu ilə öz ruhumun uyğunluğunu nəzərə alıram. Yəni tərəzinin gözlərində azacıq da olsa, bərabərlik görəndə həm işim rahat olur, həm də sözüm özünü göyərdir. Bax, bu mənada şeirinə, sözünə dəyər verdiyim, ruhunu doğma saydığım Elçin Mirzəbəylinin «İtirilmiş vaxtın adamı» kitabını əlimə götürəndə heç bir tərəddüd hissi keçirtmədim. Çünki mən bu kitabı Elçin bəyin avtoqrafı ilə aldığım zamandan bəri bir neçə dəfə gözdən keçirmişəm. Ordakı şeirlərin ruhuna bələd olmuşam. Buna görə də «Bir şairin bir şeiri» layihəmdə bu dəfə Elçin Mirzəbəylidən nümunə götürdüm. Elə ilk açdığım səhifədə qarşılaşdığım şeir könlümü dilə gətirdi. Hiss etdim ki, artıq köknəlmişəm. Elçin yazmışdı ki:

 

Nəyim var içimdən sovrulub külək –

Nə uçurub gedim, nə yıxıb gedim?!

Sən dəli qasırğa, mən zərif çiçək

Qov məni qapından, qov, çıxıb gedim.

                                                 

Bu bəndi sizə təqdim edəndə ilk ağlıma gəlib keçən o oldu ki, dəyərli oxucularım məni pessimist duyğulara görə qınayacaq. Amma neynəyim ki, həyatım, ovqatım, bir də daşıdığım yükün tutumu qırx arşınlıq quyudan dərindi. Bu da çəkib aparır məni həmin dərinliyə. Və orda da çıxıb getmək, tərk etmək, özünə qapılmaq   kimi  hisslər hakim kəsilir ruhuma. Necə ki, Elçin şeirinin  qəhrəmanına birmənalı şəkildə bildirir ki, mənim zərifliyimə baxma, qov, vur, dağıt, təki sən rahat ol, mən çıxıb gedim. Bax, mən də həmin ovqatla üzümü öz qəhrəmanıma – yəni Sənə tutub yazmışam ki:

 

məni ağlayan kimdi

ağlasın, çıxım gedim...

dalımca bu qapını

bağlasın, çıxım gedim...

 

Fikir paralelliyi özünü bu və ya digər formada ortaya qoyur. Elə bil ki, bu bir fikrə qoşulmaq məqamıdır və mən də Elçin Mirzəbəylinin ruhuna öz ruhumu qoşub elə onun üslubunda, onun məntiqində öz sözümü, öz fikrimi çatdırmışam. Baxmayaraq ki, arxamca qapının bağlanması, geriyə dönüşü olmayacağına işarə edir. Bu ovqatın içində   Elçinin misralarının    oyatdığı həmin o həzinlik, həmin o məlhəm    və  mərhəmlik  bir az da alovlanır, bir az da sarı simdə kökləyir məni. Siz də misralara fikir versəniz bunun şahidi olarsınız:

 

Uyum yalanlara, ya gerçəkliyə,

Fərqi yox, sinəmdən dərd çiçəkləyər...

Bir az tənhalığa, bir az təkliyə,

Bir az sənsizliyə darıxıb gedim.

 

Gördünüzmü, mən yanılmamışam. Elçin birmənalı şəkildə boyasız, bəzəksiz, oxucuya və qəhrəmanına bildirir ki, bu gedişdən darıxsan da fikrimdə qərarlıyam. Hətta sinəmdə dərd  çiçəkləsə də, sənsiz darıxsam da, mən yolumdan dönməyəcəm. Mən də Elçinlə həmfikir olub, öz aurama, öz dünyama dönüb Sənə və məni izləyən hər kəsə deyirəm:

 

batıb gülə, ətirə

gəlib, dilə gətirə!..

bircə gilə xatirə

saxlasın, çıxım gedim...

 

Hər gediş bir acı yaşadır, göz yaşını sellə çevirir.  Bir ürəyin çatlarını artırır. Amma gediş səbəbsiz olmur, ya üzünə qapı bağlanır, ya yollar ayrılır, ya da sənin sevdiyin başqasını sevir. Bax, onda dörd divar, qucaqladığın dizin, çarpazlaşan qolların və nəhayət, yanağından ağ cığır açan göz yaşı qalır səninlə. Təbii ki, bu, sevənlərin bəlli həyat lövhələrindən biridi. Bunu da Elçin Mirzəbəyli öz qələmi ilə, öz ruhunun ifasında təmkinli bir şəkildə, qürurlu bir üslubda qəhrəmanına da, elə hamımıza da çatdırır. Oxuduqca həmin misraları Elçinin həm daxili sakitliyinə, gücünə, həm də sözünü demək ustalığına qibtə edirsən. Baxmayaraq ki, o, çıxıb gedir, amma kimdən çıxıb gedirsə, onu incitmir və ümumiyyətlə onun inciməsini istəmir:

 

Nə mənə səcdə qıl dizlərin üstə

Nə dərd sal içinə sözlərin üstə...

İzin ver, son dəfə gözlərin üstə

Gözümdən bir damla yaş sıxıb gedim.

 

Bu məqamda mən Elçindən fərqli olaraq, bir az dözümsüzlük sərgiləyirəm. Sözüm də, şeirim də, onun təqdimatı da, ümumiyyətlə, yaratdığım mənzərə də sıxıcıdı, üzücüdü. Ayrılmağın ağrısı artıq birmənalı şəkildə hiss olunmaqdadır. Doğrudur, çox istəyirəm ki, o gözüyaşlı arxamca baxmasın. Amma neynəyim ki, əvvəldə də xatırlatdım ki, ayrılıq həm də göz yaşıdı. Odur ki, şeirimi belə tamamlamışam:

 

sığınaraq balınca

düşünsün, tək dalınca...

gözü yaşlı dalınca –

baxmasın, çıxım gedim...

 

Hə, Elçin Mirzəbəyli də, mən də çıxıb getməkdən söhbət açdıq. Ayrı-ayrı kitablarda, ayrı-ayrı ünvanlarda, ayrı-ayrı duyğularla ifadə  etdik bunu. Amma müstəvimiz eyni idi. İkimiz də çıxıb gedim desək də, getməyin ağrısını qalana və gedənə yaşatmağı unutmadıq. Çalışın kimsədən ayrılmayın. Çalışın kimsəni gözü yaşlı qoymayın. Yoxsa...