DOĞUM GÜNÜNÜZ MÜBARƏK!  ÜÇ ELOĞLUM, ÜÇ QARDAŞIM, ÜÇ DOSTUM yazdı  Ismayil Imanzadə

YAZARLAR 17:08 / 01.10.2023 Baxış sayı: 1937

v

Bu gün saat 12-yə işləyəndə AYB-nin Mingəçevir bölməsindən qədim-köhnə dostum, ruh qardaşım Əli Rza Xələfliyə zəng etdim, bizim Cəbrayıl camaatının təbirincə desəm, dərdləşdik, olub-keçənləri xatırladıq... və sonda bir-birimizin ovqatına söz şirinliyi ilə sığal çəkib sağollaşdıq. Günorta evə qayıdıb “nootbuk”umda (Mən adətən telefonla yox, kompüterlə olub-olacaqları izləyirəm) ilk olaraq feysbukun “nəbzini” yoxlayanda, Əli Rzanın bu gün doğum günü olduğunu öyrənəndə, illər boyu duz-çörək (halal-düz çörək) kəsdiyim ruh qardaşımın anadan olduğu günü yadımda saxlamadığıma görə özümü bir az qınadım! Elə həmin anlarda Mark xatırlatdı ki: “Ey “qafil”, məgər bilmirsənmi bu gün həm də istəkli eloğluların-könül dostların professor İsmayıl Kazımovla, yazıçı-publisist Nəriman Mahmudun da doğum günləridir!

BU ÜÇ ELOĞLUMUN, RUH QARDAŞLARIMIN ARASINDA ƏLİ RZA XƏLƏFLİ İLƏ ÇOXDAN-LAAP ÇOXDAN, ONUN PAYONUMUZDAKI QƏZETDƏ İŞLƏDİYİ İLK GÜNLƏRDƏN TANIŞ OLUB, DOSTLAŞMIŞAM. O vaxtlar mənim rəhbərlik etdiyim “Ümid” Ədəbi Klubunda etibarlı yol yoldaşlığımız,-istedadlı gənc yazarların (rayonumuzun o vədələrdəki ədəbi gəncliyinin) ilk qələm “məhsullarının” oxuculara təqdim edilməsində heç kəsdən təmənna ummadan əməkdaşlığımız olub. Əli Rza müəllim elə ilk yazılarından işlədiyi qəzetə əlvan söz çalarları qatmağı bacardı, özünə məxsus yazı üslubu ilə çoxlarını heyrətləndirdi...

Məcburi köçkün kimi paytaxt Bakıya üz tutandan sonra isə günlərin birində təsis edilən “Kredo” qəzetinin “sükanı” arxasına keçib çoxşaxəli potensialını ortaya qoydu. Elə bu məqamdaca deyim ki şair-publisist qardaşım indiki günlərimizdə sayı-hesabı bilinməyən jurnalistlər arasında beş-üç qələm sahiblərindən-baş redaktorlardan biri olmaqla yazısını birbaşa kompüterə (əvvəlki illərdə makinaya) diqtə edib yazdırır və heç bir düzəlişə də zərurət yaranmır! Qibtə ediləsi aparıcılıq qabiliyyəti də var onun. Çoxları AYB-nin Natəvan klubunda aparıcısı olduğu yubiley və kitab təqdimatı məclislərini necə urvata mindirdiyindən də yaxşı halıdır! İndiyə qədər xeyli sayda kitablar nəşr olunub. Ən dəyərli ədəbi mükaffatlardan hesab olunan Beynəlxalq Rəsul Rza mükafatı laureatıdır Ən öməmlisi isə, baş redaktoru olduğu “Kredo”nun “qapılarını” həmişə istedadlı alim, yazıçı və şairlərin üzlərinə taybatay açmasıdır. Bəlkə elə məhz buna görə də, son 25 ildən artıq zaman kəsimində yüzlərlə istedadlı şəxslər “Kredo”dan bəhrələnməklə, ən gözəl əsərləri ilə qəzetə, onun baş redaktoruna və əməkdaşlarına böyük nüfuz qazandırıblar!

Əli Rza Xələflinin mənim də boynumda böyük haqqı-sayı var. Ədəbi fəaliyyətim, nəşr olunan kitablarım barədə xeyli sayda yazılar qələmə alıb. Özümün və rəhbərlik etdiyim AYB-nin Mingəçevir bölməsi üzvlərinin yazıları qarşısında “yaşıl işıq” yandırıb. Bir ruh qardaşım kimi mənə həsr olunan ən sanballı şeirlərdən birini də o, yazıb...

HƏƏ, İNDİ DƏ NÖVBƏ ALİM DOSTUM, İSTƏKLİ ELOĞLUM İSMAYIL KAZIMOVA ÇATDI! 57 il qabaq elə bu gün Soltanlıda ilk uşaq “zümzüməsiylə” ata ocağına sevinc-fərəh bəxş eləyən adaşım-sevimli ruh qardaşım Professor İsmayıl Kazımov dünyaya göz açdığı kənddə sayılıb-seçilən bir köklü-köməcli nəslin davamçısıdır. Yeri gəlmişkən, Soltanlı kəndi ötən yüzilliyin əvvəllərindən ölkəmizdə öz görkəmli-məşhur ziyalıları, dövlət xadimləri, bənzərsiz alimləri, istedadlı söz-sənət adamları və təsərrüfat rəhbərləri ilə tanınmaqdadır. Bu baxımdan, ötən yüzilliyin əllinci illərində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Həsən Həsənovun, görkəmli elm xadimlərindən Allahverdi Verdizadənin, Tofik Hacıyevin, Nailə Verdizadənin, Qəzənfər Kazımovun, Bəkir Abbasovun, Sərdar Əsədin, Hüseyn Mehrəliyevin, Sərdar Əliyevin, Şamo Abbasovun, Əfsər Hüseynovun... adları və onların indiki günlərimizdəki davamçıları ağr elli Soltanlının güvənc yeri, iftixar rəmzləridir!

Xeyli vaxtdan bəri İmadəddin Nəsimi adına Dilçilik İnstitutunda şöbə müdiri işləyən İsmayıl Kazımovun adı çoxdan bəri ölkəmizin sərhədlərindən uzaqlarda da, illah da türk dünyasında rəhmətlik Akademik Tofiq Hacıyevin ən istedadlı davamçılarından biri kimi tanınmaqdadır. İsmayıl müəllim mənim ədəbi yaradıcılığım barədə yazdığı iki irihəcmli məqalənin də (Professorun yazılarından biri uşaqlar üçün yazdığım şerirlərdən bəhs edir.) müəllifidir...

HEÇ İSTEDADLI YAZIÇI-PUBLİSİST ELOĞLUM NƏRİMAN MAHMUDU UNUTMAQMI OLAR?! Elə bəri başdan deyim ki Dirili Aşıq Qurbaninin mənəvi övladlarından biri olan Nəriman müəllim barədə bilgilərim o qədər də zəngin deyil. O, Dirili Aşıq Qurbani Məclisinin yaradıcısı və rəhbəri, mənim sevimli həmkarım Yusif Dirilinin qardaşıdır, (Bununla belə özünəməxsus kölgəsi də, çox maraqlı nəsr əsərləri və publisistik yazıları, kitabları da var.) O, özü də mənim kimi doğma Cəbrayılımıza qırılmaz tellərlə bağlı olan, sözünü dilini çeynəmədən deməyi bacaran, yaltaqlığa, məddahlığa sonsuz nifrət bəsləyən milli ruhlu, qürurlu-ləyaqətli bir şəxsdir!..

P.S. DIQQƏTINIZƏ TƏQDIM ETDIYIM YAZINI TƏLƏM-TƏLƏSIK QƏLƏMƏ ALMAĞIMIN BAŞLICA SƏBƏBI ÜÇ ELOĞLUMUN, ÜÇ DOSTUMUN, ÜÇ RUH QARDAŞIMIN,-Əlİ RZA XƏLƏFLİ, İSMAYIL KAZIMOV VƏ NƏRİMAN MAHMUDUN BU GÜNKÜ DOĞUM GÜNLƏRİ İLƏ İLGİLİDİR. (YAZINI BİR GÖZÜMLƏ “QARABAĞ-NEFTÇİ” KOMANDALARININ OYUNUNU İZLƏYƏ-İZLƏYƏ YAZDIĞIMDAN, SƏHVİM OLSA BAĞIŞLAYACAĞINIZA ƏMİNƏM) ONLARIN ÜÇÜNÜ DƏ BU ƏLAMƏTDAR HADİSƏ MÜNASİBƏTİ İLƏ QƏLBƏN TƏBRİK EDİR, CANSAĞLIĞI, AİLƏ-ÖVLAD XOŞBƏXTLİYİ, YURD VÜSALI VƏ YARADICILIQ UĞURLARI ARZULAYIRAM! VAR OLUN, ƏZİZLƏRİM, GÜN O GÜN OLSUN Kİ NÖVBƏTİ AD GÜNÜNÜZÜ DAĞLI-ARANLI, ÇİNARLI-ÇEŞMƏLİ CƏBRAYILIMIZDA BİR SÜFRƏ BAŞINDA QEYD ELƏYƏK!

İSMAYIL MƏRCANLI İMANZADƏ

Minçevir şəhəri, 01 oktyabr 2022-ci il, saat 19-57