Ayaz Arabaçı - Qüdrətdən səngərli, qalalı dağlar.

YAZARLAR 18:47 / 11.08.2026 Baxış sayı: 594

..

Ələsgər babamızın bu misraları adamın gözünün qabağına sadəcə dağları gətirmir, tariximizi və yaddaşımızı da gətirir.

Min illərin küləyindən, yağışından, qarından keçib bu günə qədər dik dayanmış dağlara baxanda fikirləşirəm ki, Tanrı özü bir gün oturub düşünmüş, sonra insan əli çatmayan yerlərdə özünə qalalar tikmişdir. Divarları daşlardan, qapıları uçurumlardan, keşikçiləri qartallardan olan qalalar...

Dağlar ən böyük kitabdır.

Amma onun səhifələri kağızdan deyil, qayalardandı.

Hər qaya bir tarixdir.

Hər dərə bir xatirədir.

Hər bulaq bir nəğmədir.

Hər zirvə bir yüksəlişdir.

Səməd Vurğunun vəsfində isə dağlar bir ayrı sambaldadır:

Qüdrətini sizdən aldı

Mənim sazım, sözüm, dağlar!

Vurğun şeirinin nəfəsi yaylaq küləyinə qoşulub əsir ruhumuzda..

Azərbaycan insanı üçün dağ yalnız relyef deyil,bizim xarakterimizdir.

Qafqazın uca zirvələri, Şahdağın, Murovun, Kəpəzin, Babadağın adı adamın içində qəribə bir çoşqu və hiss oyadır, bizi özünə çəkir.

Dağların başında insan öz ürəyinin səsini eşidir.

Bəlkə də buna görə dədə-babalarımız müqəddəs yerləri dağların başında axtarıblar. Çünki insan yüksəldikcə yerə deyil, göylərə yaxınlaşdığının sevincini yaşayır.

Dağların əbədiliyi məni ona görə düşündürür ki, öz faniliyimizi onun yanında daha aydın görürəm və dağlara baxanda düşünürəm, insan da dağlar kimi yaşamalıdır.

Başına qar yağsa da, dolu döysə də dayanmalıdır, dözməlidir.

Sinəsindən küləklər, tufanlar, fırtınalar keçsə də əyilməməlidir.

Olduğu yerə ildırım düşsə də yerini tərk etməməlidir.

Çünki insanın da öz zirvəsi var.

O zirvə pul deyil, vəzifə deyil, şöhrət deyil.

O zirvə ləyaqətdir.

İnsan hər şeyini itirib ləyaqətini qoruya bilirsə demək həyatda uduzmayıb.

Amma hər şeyi qazanıb ləyaqətini itiribsə, əslində hər şeyini itirib.

Dağlar bunu bizə min illərdir ki, öyrədir..