Aləmzər Sadıqqızı - Sən mənim ömrümün qış nağılısan...

Ədəbiyyat 19:32 / 11.08.2026 Baxış sayı: 596

 

Sən mənim ömrümün nə varı oldun,

Nə də yox oldun ki, yaşıya bilim...

Nə səni ömrümə gətirə bildim,

Nə də ürəyimdə daşıya bildim..

 

Sən mənim xəyalım, sən mənim yarım,

Sənsiz hər işimdə yarıda qaldım...

Nə qırmızı ötdüm,nə yaşıl keçdim,

Eləcə diqqətçün sarıda qaldım...

 

Bir nağıl yaratdım arzularımdan,

Səni o nağıla baş rola qoydum.

Çatmışam bu filmin daha sonuna,

Nə dünyadan doydum, nə səndən doydum...

 

Sən mənim ömrümün qış nağılısan...

Payızı gecikən , yazı gəlməyən...

Hələ də bir qız var səni gözləyir,

Ümidi ölsədə, ruhu ölməyən...

11.8.2016.